BAKI, 22 dekabr. TELEQRAF
Onlayn qumar oyunlarının təşkili və bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrlik etdiyi prosesdə Samir Nəsibovun vəkili vəsatət verib, məhkəmənin media üçün qapalı keçirilməsini xahiş edib.
Digər vəkillər də vəsatəti müdafiə edib. Vəsatət təmin olunmayıb.
Daha sonra ifadə verən təqsirləndirilən Ramil Saadov sürücü kimi çatdırılma işi gördüyünü deyib: "Pul mənə paketlərdə verilirdi. Mən də aparıb çatdırırdım. Pulun məbləğini bilmirdim. Bunu məndən qohumum xahiş edirdi. Həmin şəxs kartlarımla pul köçürmələri aparılmasını da xahiş etmişdi. Mənim qumar, mərc oyunları ilə əlaqəm olmayıb".
Prokuror Ramil Saadovun ibtidai istintaqa verdiyi ifadə elan olunmasını istəyib.
Dövlət ittihamçısı bildirib ki, birinci dəfə o, şahid qismində ifadə verib. İkinci dəfə ifadəsində göstərib ki, qohumunun təklifi ilə mərc oyunları ilə məşğul olan şəxslərdən pul alıb çatdıraraq kuryer kimi fəaliyyət göstərib.
Ramil Saadov deyib ki, yazılanlar və imza onundur: "Amma ifadədə göstərilən "mərc oyunları ilə məşğul olan şəxslərdən" hissəsini təkzib edirəm".
Dövlət ittihamçısı növbəti prosesdə Ramil Saadovun ibtidai istintaqında iştirak edən vəkilinin prosesə dəvət olunmasını təklif edib. Qeyd edib ki, Saadovun məhkəmədə verdiyi ifadə müdafiə xarakterli olduğu üçün ibtidai istintaqa verdiyi ifadəsi əsas hesab olunsun.
Ramil Saadovun vəkili təqsirləndirilənin gördüyü təzyiqlərlə bağlı Sabunçu Tibb Mərkəzinə sorğu göndərilməsi, ona məxsus mobil nömrənin anten məlumatlarının dəqiqləşdirilməsi və Binəqədi Rayon Polis İdarəsinə təqsirləndirilənin saxlanılma vaxtı ilə bağlı sorğu təqdim edilməsi xahişi ilə vəsatət verib.
Məhkəmə vəsatəti qismən təmin edib. Tibb Mərkəzi və rayon polisinə sorğu veriləcək. Vəsatətin digər hissəsi baxılmamış saxlanılıb.
Növbəti məhkəmə prosesi dekabrın 29-na təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxslər Nazirlər Kabinentinin idman və mərc oyunlarının təşkil olunması ilə bağlı müvafiq qərarına əməl etmədən, qeydiyyatdan keçməyərək, mütəşşəkkil dəstə halında "qazan bet", "check black", "online loto" və digər xarici saytların adminliyini əldə edərək onlayn qumar oyunları təşkil edib, gəlir əldə ediblər.
Əldə olunan gəlirləri vəzifə bölgüsü apararaq müxtəlif hesablardan, o cümlədən, bank kartlarından 170 milyon 344 min manat, "M10" hesablarında isə 3 milyon manat, ümumilikdə 173 milyon manatdan artıq vəsaitin köçürülməsinə nail olublar.
Məlum olub ki, Yusif Baqiyev ittiham olunduğu onlayn qumar oyunlardan qazandığı 41 milyon manatı leqallaşdırmaq məqsədi ilə həmin məbləğdən Şüvəlan qəsəbəsi və Səbail rayonu da daxil olmaqla Bakının müxtəlif bölglərindən həyat yoldaşının adına bir neçə mənzil alıb.
Samir Nəsibov isə öz rəhbər vəzifəsindən sui-istifadə etməklə dövriyyəsi yüksək olan "Paysis MMC" şirkətinin elektron sisteminin tərkibində yaradılmış elektron pul kisəsində pulların köçürülməsini təmin edib.
Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq mütəşəkkil dəstənin bir sıra üzvləri barəsində tamamlanıb.
İbtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunlarının təşkili və keçirilməsi nəticəsində xüsusilə külli miqdarda gəlir əldə etməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Yusif Baqiyev 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çoxsaylı şəxslərin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına çoxsaylı bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək dəstənin üzvləri arasında müvafiq rol bölgüsü aparıb.
Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşaraq, həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıb və bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.
Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib.
İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib.
Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, habelə “Paysis” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb.
Eyni zamanda, cinayət işindən ayrılmış materiallar üzrə göstərilən qanunazidd əməllərin törədilməsində iştirak etməsi güman olunan və barəsində axtarış elan edilmiş digər şəxslərlə bağlı ibtidai istintaq davam etdirilir.