BAKI, 22 dekabr. TELEQRAF

Fransa prezidenti Emmanuel Makron yeni nəsil atom aviadaşıyıcısının inşasına başlanıldığını rəsmi şəkildə açıqlayıb.

Teleqraf xəbər verir ki, yeni hərbi gəmi Fransa Hərbi Dəniz Qüvvələrinin hazırkı flaqmanı olan “Şarl de Qoll” aviadaşıyıcısını əvəz edəcək.

“Reuters” agentliyinin məlumatına görə, Makron bu barədə Fransanın Əbu-Dabidə yerləşən hərbi bazasında çıxışı zamanı bəyanat verib.

Prezident bildirib ki, bu layihə ilə bağlı qərar cari həftə ərzində qəbul olunub.

"Porte-Avions Nouvelle Génération" adlanan proqramın dəyəri təxminən 10,25 milyard avro qiymətləndirilir. Yeni aviadaşıyıcının Avropada indiyədək inşa edilmiş ən böyük hərbi gəmi olacağı gözlənilir. Gəmi K22 tipli iki nüvə reaktoru ilə təchiz olunacaq və 2038-ci ildə istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, Emmanuel Makron yeni aviadaşıyıcının inşası ilə bağlı planları ilk dəfə 2020-ci ildə açıqlamışdı. Lakin layihə bir sıra deputatlar tərəfindən büdcə kəsiri səbəbindən tənqid olunmuş, onun təxirə salınması təklif edilmişdi.

Xatırladaq ki, daha əvvəl “Financial Times” qəzeti Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corcia Meloninin Avropa İttifaqının Rusiya aktivləri ilə bağlı planının qarşısının alınmasında əsas rol oynadıqlarını yazmışdı.