BAKI, 22 dekabr. TELEQRAF

Bu gün Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası çərçivəsində Baş nazir Əli Əsədovla görüşəcəyəm.

Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdət Yılmaz bildirib.

"Can Azərbaycan iki millət, bir dövlət olan dostumuz və müttəfiqimizdir. Siyasi əlaqələrimiz çox fərqli səviyyədə olduğu kimi digər tərəfdən iqtisadi əlaqələrimiz də ticarətdən investisiyaya qədər yüksələn xətlə davam edir. Bu toplantılar vasitəsilə bu əlaqələrimizi necə daha da inkişaf etdirəcəyimiz barədə müzakirələr aparacağıq. Həm keçmişdə həyata keçirilən layihələri dəyərləndirəcəyik, həm də gələcəyə yönəlik fəaliyyət planımızı müəyyənləşdirəcəyik. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni protokolunu da imzalayacağıq", - deyə qeyd edib.

C.Yılmaz bu gün səhər saatlarında Zəfər abidəsini ziyarət etdiyini vurğulayıb: "Qarabağın işğaldan azad olunması tarixi hadisədir. Bu gün səhər saatlarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin, 20 illik işğalın başa çatması və Qarabağın qurtuluşu şərəfinə ucaldılan Zəfər abidəsini ziyarət etdim.

Ümumilli lider Heydər Əliyev və həyat yoldaşı Zərifə xanımın məzarını, Bakı Türk Şəhidliyini ziyarət etdik, bütün şəhidləri rəhmətlə anırıq".