BAKI, 22 dekabr. TELEQRAF

“Bakı Metropoliteni” QSC xətlərin ayrılması layihəsinin mühüm tədbirlərindən biri kimi “İçərişəhər” stansiyasının arxasında dönmə tunelinin (dönmə kamerası) inşasına start verib.

QSC-dən Teleqraf-a verilən məlumata görə, tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararası intervalların azaldılmasıdır. Mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir.

Dönmə kamerası isə bu məhdudiyyəti tam aradan qaldıracaq. Layihənin sonunda “İçərişəhər” stansiyasında sərnişinləri düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək və oradan hazırda girişə qapalı olan platformaya daxil olaraq sərnişinlərlə “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edəcək.

Bununla həm də arxadan gələn qatarların hərəkətinə maneələr və intervalın azaldılmasına təhlükəsizlik səbəbi ilə maneə olan bufer zonası ləğv ediləcək. Bu dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin daha çevik təşkilinə şərait yaradacaq.