BAKI, 21 dekabr. TELEQRAF
Ukrayna nümayəndə heyəti dekabrın 21-də ABŞ-də amerikalı tərəfdaşlarla yeni görüş keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov "Telegram" kanalında məlumat verib.
Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov artıq üçüncü gündür ABŞ-da işgüzar səfərdədirlər.
“Bu gün general-leytenant Andrey Qnatovla birlikdə Amerika tərəfi ilə daha bir görüşümüz olacaq. Konstruktiv və konkret şəkildə işləyirik. Əlavə irəliləyiş və praktiki nəticələr gözləyirik”, - Umerov bildirib.
Qeyd edək ki, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk raundu dekabrın 14-də Berlində baş tutub və təxminən beş saat davam edib. Görüşlər dekabrın 15-də də davam etdirilib. ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və dövlət başçısının kürəkəni, sahibkar Cared Kuşner daxil olub. Ukrayna tərəfini isə Rustem Umerov, Andrey Qnatov və Volodimir Zelenski təmsil edib.