BAKI, 21 dekabr. TELEQRAF
ABŞ-nin "SpaceX" şirkətinə məxsus "Starship" kosmik gəmisinin yanvar ayında baş vermiş qəzası Karib dənizi üzərində uçan bir neçə sərnişin təyyarəsi üçün ciddi təhlükə yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ Federal Mülki Aviasiya Administrasiyasının sənədlərinə istinadla məlumat yayıb.
Məlumata görə, kosmik gəmi buraxılışdan bir neçə dəqiqə sonra partlayıb, lakin "SpaceX" hadisə barədə Federal Mülki Aviasiya Administrasiyasını dərhal məlumatlandırmayıb. Halbuki bu məlumat hava dispetçerlərinə təhlükəli qalıq zonaları barədə pilotları vaxtında xəbərdar etmək üçün zəruri olub.
Sənədlərdə qeyd olunur ki, insident nəticəsində göyərtəsində təxminən 450 sərnişin olan üç təyyarə risk altına düşüb. Partlayışdan sonra 50 dəqiqə ərzində yanar vəziyyətdə olan qalıqlar havaya səpələnib və uçan təyyarələr üçün təhlükə yaradıb. Fəlakətin qarşısı hava dispetçerlərinin operativ fəaliyyəti sayəsində alınıb.
Xatırladaq ki, 17 yanvar tarixində "SpaceX" Starship prototipinin yeddinci sınaq uçuşu zamanı itirildiyini açıqlamışdı. Şirkətin sahibi İlon Mask sonradan qəzanın səbəbinin yanacaq sızması olduğunu bildirmişdi.