
BAKI, 1 mart. TELEQRAF
"Hadisələrə həm dünya, həm də Azərbaycan perspektivindən baxmaq lazımdır. Bundan sonra baş verəcəklər haqqında proqnoz vermək çətindir".
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dünən ABŞ və Ukrayna prezidentləri arasında baş tutan görüşü şərh edərkən deyib.
Deputat bildirib ki, dövlətlər və xalqlar arasında, ümumilikdə isə beynəlxalq münasibətlərdə yeni sistem formalaşır:
"Artıq köhnə dünya nizamı işləmir. Yeni münasibələr sistemi formalaşır. Bu kimi halların olması ehtimalı həddindən artıq çoxdur. Fikrimcə, oxşar hadisələr qarşıdakı vaxtlarda da təkrarlanacaq. Həmçinin məsələləri ABŞ-Ukrayna münasibətləri çərçivəsində də şərh etmək sadəlövhlük olardı. Bu, dünya səviyyəsində gedən prosesdir. Baxın, beynəlxalq münasibətlər və güclərin təsir nisbətinin dəyişməsinə, yeni təhlükəsizlik struktururnun formalaşmasına şahid oluruq".
S.Seyidov apardığı balanslı siyasətə görə Azərbaycan Prezidenti İlham Əliyev təşəkkür edib:
"Baş verənlərə Azərbaycan perspektivindən baxdıqda, öncəliklə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. O, sanki bütün baş verəcək hadisələri öncədən bilirmiş kimi, balanslı və uğurlu xarici siyasət apardı. Yəqin ki, bir çoxları Aleksey Arestoviçin (Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri-red.) fikirləri ilə tanış olub. Amma söhbət bundan da getmir.
Prezident İlham Əliyev prioritetləri düzgün seçməklə müdrik siyasi xətt yolunu getdi. Bütün bunların canlı şahidi olduq. Bəlkə də hansısa ölkələr bizim siyasəti təhlil edib, buna necə qoşulmaq barəsində qərar da vermək istəyəcəklər.
Bir məsələni xatırladım. Vətən müharibəsinin başladığı gün kamikadze təyyarələrdən istifadə etməklə düşmənin hava hücumundan müdafiə qüvvələrini sıradan çıxardıq. Daha sonra Azərbaycanın bu taktikasını, hücum və müdafiə prinsiplərini öyrənməyə başladılar. Qeyd etdiyim kimi, ABŞ, Qərb və digər ölkələrlə milli maraqlarımızı qorumaq şərti ilə apardığımız balanslı xarici siyasəti bundan sonra da öyrənəcəklər".