
BAKI, 1 mart. TELEQRAF
Mövcud hava şəraiti ilə əlaqədar bölgələrdə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət davam etdirilir.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Xüsusilə qarın daha çox yağdığı dağlıq və dağətəyi rayonlarda, magistral yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.
Həmçinin piyadaların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatmaları üçün lazımi köməklik göstərilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan isə bildirilib ki, Lənkəranda da qarlı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır, hərəkətin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Sürücü və piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədi ilə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən fasiləsiz xidmət təmin edilir.
Vətəndaşlara lazımi köməkliklərin göstərilməsi və yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.