BAKI, 1 mart. TELEQRAF

Türkiyə həmişə Ukraynadakı münaqişə və bunun ətrafında baş verənləri yaxından izləyib. Ankara qəbul etdiyi siyasətin son dərəcə yanlış ola biləcəyi barədə Qərbə xəbərdarlıq da edib.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Türkiyəli ekspertlər həmişə belə bir fikir irəli sürürlər ki, problemlər təkcə Kiyevlə bağlı deyil, həm də Qərblə əlaqəlidir. Təsadüfi deyil ki, Türkiyə NATO-dakı müttəfiqlərinin fikrini bölüşmür və Putinin münaqişənin qlobal xarakter almağa başladığı fikri ilə razılaşır. Ankara vasitəçilik səylərini təklif edərək manevr etməyə çalışır ki, bununla da Rusiyaya qarşı sanksiyaların tətbiqindən yayına bildi.

Türkiyə kifayət qədər yaxşı vəziyyətdədir. Çünki Qərb onu itirməkdən qorxur və Ankaranın Rusiya ilə xüsusi münasibətlərini görməzdən gəlir. Həmçinin Türkiyə Qərb üçün Rusiya ilə yeganə ünsiyyət vasitəsidir. Bu, təkcə Ukrayna məsələsi ilə bağlı deyil və Ankaraya geniş manevr meydanı verib”, – ekspet bildirib.

Tarasov hesab edir ki, birbaşa Rusiya-Amerika dialoqunun başlaması ilə Qərb Türkiyəni Ukrayna məsələsindən uzaqlaşdırmaq istəsə də, Rusiya Ankaranın nizamlanma üzrə danışıqlarda iştirak edəcəyini istisna etmir:

“Təsadüfi deyil ki, Türkiyə prezidenti (Rəcəb Tayyib Ərdoğan) ilə danışıqlardan sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ukrayna nizamlanması məsələsində vasitəçi kimi Ankaranın diplomatik uğurlarını xüsusi qeyd elədi”.

Rusiyalı politoloqun fikrincə, Moskva artıq Ankaranın Ukrayna danışıqlarında iştirakına qarşı olmadığını açıq şəkildə ortaya qoyub.

Tarasov əlavə edib ki, iki ölkə arasında münasibətlər təkcə Ukrayna ilə məhdudlaşmır, bura Yaxın Şərq, xüsusən də Suriya məsələləri də daxildir.