
BAKI, 1 mart. TELEQRAF
Beynəlxalq aləm Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasındakı qalmaqalı müzakirə edərkən, Brüssel Amerikanın asılılığından qurtulmağın yollarını arayır. Bunun yollarından biri fərqli bazarlara çıxış imkanlarını genişləndirməkdir.
Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirir ki, Avropa İttfaqı (Aİ) nümayəndə heyətinin Hindistana səfəri məhz bu məqsədə xidmət edib:
“Aİ il ərzində Hindistanla azad ticarət sazişi bağlamağa çalışacaq. Hindistan 2004-cü ildən Aİ-nin strateji tərəfdaşı statusuna malikdir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Dehlidə Hindistan Baş naziri Narendra Modi ilə görüşdən sonra nikbin açıqlama verərək, gələcəkdə imzalanacaq dünyada bu tip ən böyük sövdələşmə kimi qiymətləndirib. Modi də 2025-ci ildə Brüssellə müvafiq sazişin imzalanması üçün hökumətə tapşırıq verdiyini deyib. Buna qədər isə Brüssel və Dehli yaşıl enerji, yarımkeçiricilər, süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyə qərar verib.
Dehli Brüssellə əməkdaşlığın inkişafına əhəmiyyət verir. Ticarət əlaqələrinin həcmi də bundan xəbər verir. 2023-2024-cü illərdə Aİ ilə Hindistan arasında ticarət mübadiləsinin həcmi 138 milyard dollara yaxın olub. Tərəflər arasında ticarət mübadiləsi son illərdə 90 faiz artıb. Hindistan Aİ üçün ən böyük bazarlardan biridir, amma Brüssel bununla kifayətlənmək istəmir.
Aİ Hindistanla ticarəti daha da genişləndirmək məqsədilə Dehlinin avtomobillər və şərablara tətbiq etdiyi yüksək tarifləri azaltmasını istəyir. Bu, Aİ-nin Çin bazarından asılılığını azalda bilər”.
Məqalədə vurğulanır ki, Aİ Hindistanla təhlükəsizlik sahəsində də əməkdaşlığın genişlənməsini arzulayır:
“Brüssel Dehli ilə kibertəhlükələr, Cənubi Çin dənizi və Hind-Sakit okean regionu da daxil olmaqla tərəfdaşlığı gücləndirməkdə maraqlıdır. Həmçinin Brüssel Hindistanın Ukraynanın təhlükəsizliyi üçün sülh və ədalətli razılaşmanı dəstəkləməsini istəyir. Brüsselin bu istəyinə baxmayaraq, Dehli Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.
Dehli Vaşinqtonun siyasətini də diqqətdə saxlayır. Əgər Vaşinqton Rusiyaya qarşı sanksiyaların yumlaşmasına çalışacaqsa, Hindistanın Rusiyaya qarşı sanksiya tətbiqinin mənası olmayacaq. Modi ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirməsi təşəbbüsünü dəstəkləyir. Dehli kiminsə xeyrinə seçim etmək istəmir. Dehlinin həm ABŞ və Aİ, həm də Rusiya ilə əməkdaşlığı var. Dehli bu siyasətini dəyişməyəcək”.