BAKI, 1 mart. TELEQRAF

ABŞ-nin köməyi olmasa, Ukrayna ən azı altı ay Rusiyaya qarşı dayana biləcək.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) Ukraynadakı mənbələrə istinadla məlumat yayıb.

Keçmiş deputat Mustafa Nayem nəşrə deyib ki, Amerika avadanlıqlarının itkisi əhəmiyyətlidir, amma kritik deyil.

Onun sözlərinə görə, Ukrayna ruslara boyun əyməyəcəyini göstərəndən sonra ölkəyə göndərilən silahların əksəriyyəti müharibənin dəyişən xarakterini nəzərə aldıqda daha az önəm kəsb edir:

“Bu, dron müharibəsidir, biz onların istehsalı üzrə mütəxəssisik. Hətta bizim pilotsuz təyyarələr istehsal edən məktəbimiz də var”.

Nayem qeyd edib ki, dron istehsalında ABŞ komponentlərindən az istifadə olunur, bunları da əvəzləmək mümkündür. Siyasətçi ən çox ABŞ-nin kəşfiyyat məlumatı verməsini dayandıracağından narahatdır, amma bunu ehtimal hesab etmir.

Nəşr əlavə edir ki, Avropa dəstəyini artırsa belə, ABŞ-nin köməyi olmadan uzun sürən mübarizəni davam etdirmək çətin olacaq. Ukraynanın hakim partiyasının bir üzvü FT-yə söyləyib ki, bu, getdikcə daha çox torpaq itkisi demək olacaq.