.jpg)
TBİLİSİ, 1 mart. TELEQRAF
Tbilisidə Polşanın Avropa İttifaqı Şurasına builki yarım il müddətinə prezidentliyinə həsr olunan konsert keçirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Polşa İnstitutunun (Polish İnstitute) Tbilisi nümayəndəliyinin Kral Məhəlləsi Teatrında (“Royal District Theatre”) təşkil etdiyi tədbirdə Azərbaycan musiqisinə geniş yer verilib.
Açılış nitqi ilə çıxış edən nümayəndəliyin direktoru Maqdalena Voydaseviç bildirib ki, konsert köhnə Tiflisin ənənələri ruhunda hazırlanıb. Onun sözlərinə görə, əsas ideya birgəyaşayış və qarşılıqlı hörmət ənənələrinin, tolerantlıq dəyərlərinin təbliğindən ibarət olub.
Konsertdə Azərbaycan musiqisini aşıq Nargilə Mehtiyeva təmsil edib. O, gürcü musiqiçilərin müşayiəti ilə bəstəsi özünə məxsus “Əzizim”, “Allah eşqinə” və “Yalvarır” mahnılarını ifa edib. Sonuncu kompozisiya ənənəvi çoxsəsli gürcü xoru və xanım aşığın ifasında muğam parçasından ibarət olub.
Muğam parçasında Xalq şairi Zəlimxan Yaqubun “Xatirələrdə” şeirindən sözlər yer alıb.
Proqramı izləyənlər arasında Gürcüstandakı diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, gənclər və xarici qonaqlar olublar. Konsert alqışlarla və böyük rəğbətlə qarşılanıb.
Tədbir iştirakçıları konsertdən xoş təəssüratlarla ayrılıblar.
N.Mehtiyeva Teleqraf-ın yerli bürosuna açıqlamasında bildirib ki, konsertə böyük məsuliyyət hissi ilə yanaşıb və proqram hazırlanarkən aşıq sənətinə mərkəz yer verilib:
“Tiflisdə yaşayan müxtəlif millətlərin nümayəndələri nəğmələrini birgə ifa ediblər, musiqilərini birgə səsləndiriblər. Azərbaycan musiqisi də köhnə Tiflis mədəniyyətinin ayrılmaz hissəsi kimi çıxış edib. Aşıqlarımız da hər zaman meydanlarda olublar. Müxtəlif musiqilər harmonik şəkildə vəhdət təşkil edib və biri digərindən bəhrələnib. Konsertin məqsədi köhnə Tiflisin əlvan folklorunu, rəngarəng melodiya və ritmlərinin yer aldığı musiqi ab-havasını təqdim etmək idi”.
Qeyd edək ki, konsertin baş tutduğu qədim məkan tədbirə xüsusi cazibə qatıb.
Tbilisinin tarixi Sololaki rayonunda yerləşən və 1875-ci ildə inşa olunan binada sinaqoq yerləşib. 1923-cü ildə ibadət ocağı bağlanıb, 1928-ci ildə Yəhudi Mədəniyyət Evi kimi fəaliyyət göstərməyə başlayıb. Mədəni irs abidəsində “Kral Məhəlləsinin Teatrı” 1997-ci ildən fəaliyyət göstərir.