BAKI, 17 fevral. TELEQRAF

Avropa da Ukrayna ilə bağlı sülh danışıqlarında masada olmalıdır.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Avropa dövlətlərinin müzakirələrdə masada olması ehtimalı ilə bağlı nazir qeyd edib:

“Avropalı dostlarımızın narahatlığını anlayırıq. Düzünü desəm, onların haqlı olduğunu düşünürəm”.

Prosesdə Avropanın da məsləhətlərinin lazım olduğu mesajını verən Fidan Türkiyə kimi onların da prosesin bir parçası olması lazım olduğunu bildirib:

“Avropalıların masa arxasında olmaq hüququnu tanıyırıq. Amma çox vaxt Türkiyənin də masa arxasında olması lazım olduğunu söyləməyə etinasız yanaşırlar. Müharibə yaxın ətrafımızda gedir. Bunun xaricində hər iki tərəflə (Rusiya və Ukrayna ilə) sıx əlaqələrimiz var və Türkiyə bir çox aktordan daha çoxunu təklif edə bilər.

İdeal dünyada Ukraynanın ərazi bütövlüyünün qorunmasını istərdik. Amma hazırda müharibə dövründəyik, təəssüf ki, bu savaş nəticəsində bəzi ağrılı seçimlər etməliyik”.

Nazir qeyd edib ki, Türkiyə Ukraynada sülhə və ölkənin yenidən qurulmasına töhfə vermək üçün istənilən rolu oynamağa hazırdır:

“Bunun üçün ilk növbədə atəşkəs və uzunmüddətli sülh planı lazımdır. Hazırda ABŞ, avropalılar və biz mümkün atəşkəs və sülh planının müxtəlif aspektləri üzərində işləyirik”.

Hakan Fidan Türkiyənin atəşkəs danışıqlarında iştirak və tərəflərə ev sahibliyi etmək və nə edə biləcəkləri ilə bağlı təkliflər verdiyini, ABŞ-nin hazırda ilkin danışıqlar apardığını və plan hazırlamaq mərhələsində olduğunu vurğulayıb.