BAKI, 20 fevral. TELEQRAF

Sosial şəbəkələrdə “Azerina” adı ilə məşhurlaşan, özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlının “şəfalanma” seansları ilə bağlı yayılan görüntülər ajiotaj yaradıb. Onun insanları aldadaraq, pullarını mənimsədiyi ilə bağlı ittihamlar da irəli sürülüb.

Sözügedən seansların, eləcə də Azərbaycanda bu cür psixoloq seanslarına nəzarətin həyata keçirilib-keçirilməməsi ilə bağlı Teleqraf Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 7 dekabr 2018-ci il tarixli Qanununa müvafiq olaraq psixoloji yardımın göstərilməsi psixoloji yardım göstərmək hüququ olan psixoloq və ya klinik (tibbi) psixoloqlar tərəfindən göstərilir.

"Mülkiyyət növündən asılı olmayaraq tibb müəssisələrində psixoloji yardım klinik (tibbi) psixoloqlar tərəfindən həyata keçirilir. Klinik (tibbi) psixoloqlar tibb müəssisələrində psixoloji yardım göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdırlar. Klinik psixoloji yardım göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyini, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edilməsi qadağandır.

Tibb müəssisələrində psixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən həyata keçirilir.

“Psixoloji yardım haqqında” qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. Ölkədə fəaliyyət göstərən özəl psixoloji mərkəzlərin həyata keçirdikləri psixoloji ixtisas üzrə işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda olmadığı üçün Səhiyyə Nazirliyini və tabeliyində olan qurumlar tərəfindən nəzarət edilmir. Lakin belə psixoloji mərkəzlərdə hər hansı bir tibb fəaliyyətin həyata keçirilməsinə dair fakta əsaslanan vətəndaş və yerli dövlət özünüidarəetmə orqanlarından daxil olan rəsmi müraciətlər olarsa, həmçinin də media tərəfindən yayımlanan real tibb fəaliyyətinə əsaslanan hallarda Səhiyyə Nazirliyi və tabeliyində olan aidiyyəti qurumlar tərəfindən qanunvericiliklə müəyyən olunan qaydada uyğun nəzarət tədbirlərinin həyata keçirilir.

O ki, qaldı hansısa fırıldaqçıların kütləvi fəaliyyətinə, bu faktların araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir",- Mərkəzdən bildirilib.