BAKI, 20 fevral. TELEQRAF

Dörd israilli girovun meyiti Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri tərəfindən Qəzza zolağında İsrail hərbi rəsmilərinə təhvil verilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"İsrail Qızıl Xaç vasitəsi ilə həlak olmuş 4 girovun qalıqlarının olduğu tabutları təhvil alıb. Tabutlar Qəzza zolağında orduya təhvil verilib və oradan İsrailə aparılacaq", - məlumatda bildirilib.

Girovların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün meyitlərin məhkəmə-tibbi ekspertizasına göndəriləcəyi qeyd edilib.

Xatırladaq ki, ötən ay İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər.

Razılaşmanın birinci mərhələsinin icrası 42 gün davam edəcək.