BAKI, 20 fevral. TELEQRAF

“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasında daha bir eskalator 2025-ci ilin planı üzrə əsaslı təmirə dayandırılıb.

Teleqraf xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani bildirib.

Onun sözlərinə görə, artıq təmir sahəsində təhlükəsizliyin təmin olunması, o cümlədən stansiyada tikililərin, üzlüklər və vestibülün zədələnməməsi üçün zəruri tədbirlər həyata keçirilib. Əraziyə lazımi materiallar, ehtiyat hissələr, tərtibat və alətlər gətirilib, məsul şəxslər və aidiyyəti işçilər təlimatlandırılıb.

İlk mərhələdə eskalatorun lent zolağının sürahi elementləri və pillələr demontaj olunacaq, dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılacaq. Qovşaq, hissə və elementlər təftiş üçün təmir sahəsinə göndəriləcək. Diaqnostika və normativ müayinələr əsasında yararsız hissələr müvafiq ölçü və standartlar üzrə yenilənəcək, təmirə yararlılar isə bərpa olunacaq.

Təmir işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.

Yenidən yığılan eskalator diaqnostik yoxlamadan keçiriləcək, müvafiq tələb və standartlara uyğunluğu qiymətləndirildikdən sonra istismara qəbul ediləcək.

Qeyd edək ki, normativlərə əsasən “ET-5M” tipli eskalator 150 min km-dən çox məsafə qət etdikdən sonra tam təmiri aparılmalıdır. “Cəfər Cabbarlı” stansiyasında eyni səbəblə ötən il daha bir eskalator əsaslı təmir olunub.