.jpg)
BAKI, 20 fevral. TELEQRAF
"Bakı Metropoliteni"də qatar maşinistlərinin sayının artırılması və peşəkar kadrların yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Təlim-tədris mərkəzində 8 gənc xüsusi təlim proqramını uğurla başa vuraraq maşinist peşəsinə yiyələnib".
Teleqraf xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O qeyd edib ki, yeni maşinistlər sırasında daha bir xanımın yer alması bu kursun mühüm məqamdır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Aydan Kərimova təlimləri uğurla tamamlayaraq, "Bakı Metropoliteni"də qatar idarəetmə hüququna yiyələnən növbəti qadın maşinist olub.
Qeyd edək ki, qatar maşinisti kursuna qəbul prosesi bir neçə mərhələdən ibarətdir. Namizədlər texniki biliklər üzrə ilkin test imtahanından, psixoloji sınaq və müsahibə mərhələsindən keçdikdən sonra nəzəri hazırlıq prosesinə başlayırlar. Üç aylıq təlim müddətində onlara metropoliten sisteminin əsasları, vaqonların quruluşu, texniki xidmət, təmir prosesləri və təhlükəsizlik qaydaları üzrə ətraflı məlumatlar verilir, qazandıqları biliklər hər mərhələnin sonunda imtahan vasitəsilə yoxlanılır.
Təlim kursu müasir texnoloji yeniliklərin tətbiqi ilə həyata keçirilir. Namizədlər Təlim-tədris mərkəzində quraşdırılmış innovativ qatar trenajoru vasitəsilə real şəraitə maksimum yaxın mühitdə qatar idarəetmə təcrübəsi qazanırlar. Son mərhələdə isə onlar qeyri-gur saatlarda təlimçilərin nəzarəti altında metro xətlərində sınaqlara cəlb edilirlər.
Qatarın 10 min km sərbəst idarəetmə normativini uğurla tamamlayan namizədlər yekun imtahandan sonra tamhüquqlu maşinist adı qazanır.
Hazırda 14-cü kursun nəzəri hissəsi başa çatıb və 11 müdavim praktik təlimlərə başlayıb.
Yanvarda elan edilmiş müsabiqəyə isə 735 müraciət daxil olub. Onların arasından tələbələrə uyğun gələn 235 namizəd mərhələli şəkildə imtahanlara cəlb ediləcək.
"Bakı Metropoliteni"də kadr hazırlığı və işçi qüvvəsinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar nəticəsində yeni seçim qaydalarına əsasən, bugünədək maşinist peşəsinə yiyələnən 87 nəfər işlə təmin edilib. Ümumilikdə isə 2-si qadın olmaqla, hazırda 243 qatar maşinisti çalışır.