
BAKI, 20 fevral. TELEQRAF
Biləsuvar rayonunda 1970-ci il təvəllüdlü Tural qısqanclıq zəminində həyat yoldaşı Vəsiləyə işgəncələr verib, onunla intim münasibətdə olduğu iddia etdiyi 1983-cü il təvəllüdlü Bəhramı (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Tural rəsmi nikahda olduğu arvadı Vəsilənin birgə yaşadıqları qəsəbədə evin qapı-pəncərələrini kilidləyərək qonşusu Bəhramla cinsi münasibətdə olduğunu ehtimal edib.
Arvadının ona heç bir şəxslə xəyanət etmədiyini bildirməsinə baxmayaraq, Tural dəmir əşyayla və kabellə onun bədəninin müxtəlif nahiyələrinə çoxlu xəsarətlər yetirib. Evin mətbəxində qaz sobasının üzərində qızdırdığı dəmiri qadının yan nahiyəsinə basıb, ona dəhşətli işgəncələr verib.
11 iyun 2023-cü il tarixdə Tural daha sonra arvadının qaçmaması üçün yaşadıqları evdə elektrik kabeli ilə öncə əllərini, sonra ayaqlarını bağlayıb. Ardınca evin giriş qapısından həyətə çıxıb. Sonra geri qayıdaraq arvadının saçından tutub, döşəmədə sürüməklə onu yataq otağına gətirib. Arvadının ayağını kəndirlə öz ayağına bağlayıb və saat yarım yatıb.
Arvadının “sevgili”sini öldürdü
Tural iyunun 18-də saat 23 radələrində çayxanada Bəhrama heç bir səbəb olmadan, yəni 2022-ci ilin noyabr ayında çayxanada ona atmaca atması, həmçinin evinin həyətində quraşdırdığı kameranın çəkdiyi görüntüdə, öz mobil telefonunda qeydə aldığı audioyazıda rəsmi nikahda olduğu arvadı Vəsilə ilə cinsi münasibətdə olduğunu uyduraraq onu öldürmək qərarına gəlib. Yaşadığı evdən balta götürərək “Mercedes Vito” markalı avtomobili ilə çayxanaya gəlib.
Çayxanada pivə içərək domino oynayan zaman baltanı avtomaşınından götürüb və arxa hissədən Bəhrama zərbələr vurub. Bəhram aldığı zərbələr nəticəsində vəfat edib.
Qatilin evindən və maşınından nələr tapıldı?
Bundan başqa, Tural satış məqsədi olmadan 0,777 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, onun 0,749 qramını şüşə boruda evin qonaq otağında döşəklərin arasında, 0,028 qramını isə falqa kəsiyinə bükərək avtomobilindəki ciblikdə saxlayıb.
Narkotikin hər iki hissəsi qeyd edilən yerlərdə aşkar olunaraq götürülüb.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə - bu Məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
“Arvadımla intim əlaqəsi olub”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Biləsuvar rayonu ərazisində qəsəbədə arvadı Vəsilə ilə birlikdə yaşayıb: “Bəhram da mənimlə eyni qəsəbədə yaşayır. Onunla düşmənçiliyim və ədavətim yoxdur.
Qəsəbədə təxminən bir il altı ay çayxana işlətmişəm. Bəhram tez-tez çayxanaya gəlirdi. Onun arvadım Vəsilə ilə intim əlaqəsi olub. Çayxanaya gələndə hər gün məni alçaldır, tez-tez “oxxay, bir nəfər qısırı filan elədim" deyirdi. Onu bu səbəbdən vurdum. Xəsarət yetirmək istəyirdim, qətl məqsədim yox idi.
Bəhramın danışığından belə çıxırdı ki, arvadımla gizli əlaqəsi var. Hamı mənə gülürdü. Çayxanada deyirdi ki, bu dəqiqə "ora"dan gəlirəm, belə eləmişəm, elə eləmişəm, yiyəsi belə-belə olsun.
Arvadımın Bəhramla videoçəkilişi olub. Gecə saat 10-nun yarısında telefonu qoyaraq arvadımın səsini yazdım. Telefonda kişi səsi, intim səs, qışqırıq səsi vardı. Vəsilədən bu barədə soruşanda ayağının altında siçan qaldığını, ona görə belə səs çıxardığını bildirdi. Lakin bilirdim ki, arvadım həmin səsi intim münasibətdə olduğu zaman çıxarıb”.
“Camaat yataqda etdiyi hərəkətlərdən danışırdı”
Tural qeyd edib ki, arvadının Bəhramla intim münasibətdə olması barədə telefonda dediklərini eşidib: “Hamı bilirdi ki, arvadım Vəsilənin Bəhramla əlaqəsi olub. Hər yerdə mənə baxıb gülürdülər. Bəhram isə çayxanada hər dəfə "qısır"la əlaqəsi olduğunu söyləyirdi.
Arvadıma deyirdim ki, camaat Bəhramla sənin yataqda etdiyin hərəkətlərdən, sözlərdən danışır. O da bunun səbəbini bilmədiyini deyirdi. Qəsəbə sakinləri ilə əlaqə saxlamışam, mənə arvadımın Bəhramla əlaqəsinin olduğunu deyiblər. Mən arvadımı bağlı qapılar arxasında saxlamamışam”.
“Arvadımın videosuna baxdıqlarını gördüm”
Turalın ifadəsinə görə, 2023-cü il mayın 19-da gecə saat 1-də evindən intim kişi səsi gəlib: “Arvadım gecə saat 1-də hamama girib çıxdı. Ondan Bəhramın bizə gəlib-gəlmədiyini soruşdum.
Evimə gələndə pəncərənin bağlı olduğunu görmüşdüm. Arvadımsa dedi ki, pəncərədən gələn Bəhram idi. Mənimlə evlənməmişdən əvvəl arvadım köhnə evdə Bəhramla görüşübmüş.
Bəhram konkret olaraq arvadımla intim əlaqədə olduğunu deməyib. Ancaq onun maşınla "marqat" eləməsini görmüşəm. Ayın 11-də arvadım etiraf etdi ki, Bəhramla əlaqəsi olub, həyətdən çıxan Bəhram idi.
Videokameraya səs düşmüşdü, gecə saat 1-də qabaq otaqda intim səs gəlirdi. Otaqda da adam görmüşəm. Kameranın sönməsini, qapının bağlanmasını da gördüm. Arvadımla intim münasibətdə olması barədə Bəhramla danışmamışam. Arvadım mənə deyirdi ki, Bəhramla get özün danış.
Mən çayxanaya gələndə yoldaşlarımın Bəhramla arvadımın videosuna baxdıqlarını gördüm. Məni görən kimi tez videonu söndürdülər”.
“Öldürmək məqsədim yox idi”
Tural qeyd edib ki, iyunun 11-də Bəhram onun evinə girib: “İyunun 18-də çayxanaya gedəndə Bəhramı orada gördüm. Saat 7-8 idi. Evə gedib yuyundum, maşının yağını dəyişdim və yenidən çayxanaya qayıtdım. Bu zaman Bəhram da çayxanaya gəldi. Onu cəzalandırmağı qərara aldım. Məqsədim Bəhramdan videonu almaq idi.
Bəhram çayxanadan getdi. Mən isə çayxanada domino oynadım. Bəhram qayıdanda maşından baltanı götürdüm. Əvvəldən balta alaraq maşının baqajına qoymuşdum.
Baltanı götürərək çayxanaya qayıtdım. Bəhram çayxanada dörd nəfər şəxslə oturmuşdu. Yanında oturan adamlara söz atdı. Onun səsi mənə qıcıq verdi. Balta ilə baş nahiyəsinə bir zərbə vurdum. Bəhram yıxıldı. Mən isə avtomaşına minərək oradan getdim.
Bəhramı öldürmək niyyətim olmayıb, ondan videonu almaq istəmişəm. Hadisə yerindən gedib polisə təslim olmuşam”.
“Arvadımın ayaqlarından öpdüm”
Turalın ifadəsinə görə, arvadı Vəsiləyə işgəncə verməyib: “Arvadım mənə yuxu dərmanı vermişdi. Atasına deyirdi ki, onun bişirdiklərini yemirəm. Arvadım xəyanətlə bağlı dedi ki, “apar məni Beyləqanda Cərciz peygəmbərin qəbrinə and içim”. Onu peyğəmbərin qəbrinə apardım, and içdi. Mən də ayaqlarından öpdüm.
Arvadımı elektrik naqili ilə döyməmişəm, şunurla vurmuşam. Evdə olanda ayağını öz ayağıma bağlamışam ki, qaça bilməsin. Dəmirlə, rezin boru ilə də vurmuşam.
Əvvəllər narkotikdən istifadə etmişəm. Ancaq son vaxtlar məndə narkotik olmayıb. İdarə etdiyim maşından çıxan narkotik mənə məxsus deyil. Necə ola bilər ki, dörd aydan sonra maşından narkotik çıxsın?
Maşına narkotik qoya bilməzdim. Çünki maşına sərnişinlər minir, narkotiki görə bilərdilər. Evdən çıxan şüşə qab isə mənə məxsusdur. Şüşə qabdakı narkotikdən istifadə etmişəm”.
“Qadın qışqırıq səsləri eşitdim”
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən görünür ki, 2014-cü ildə dayısı qızı Vəsilə ilə ilk ailə qurub, 2 illik münasibətlərindən sonra qısqanclığa görə ayrılıb, 2019-cu ildə isə yenidən ailə qurublar:
“Vəsilə məktəbəqədər uşaq bağcasında xadimə işləyirdi. 2019-cu ildə barışarkən Vəsiləyə yol xərcləri çıxmaması üçün qəsəbə ərazisində olan bağçadan evimizə yaxın bağcaya keçməsini təklif etdim. Mənimlə razılaşmadı. Şübhələrimə görə 2023-cü ilin fevral-mart aylarında, dəqiq yadımda qalmayan vaxtda yaşadığım evin həyətində sol küncə kamera yerləşdirdim.
Vəsiləyə kameranın oyuncaq olduğunu bildirdim. Lakin kameranın real olduğunu bildiyini düşündüm. Videogörüntü kamerasının özəlliyi şəxsi görən kimi fotoşəklini qeydə almasıydı.
2023-cü ilin iyun ayının əvvəllərində kameraya baxarkən 2023-cü ilin mart ayının sonlarında kamerada iki nəfər şəxsin fotoşəklinin düşdüyünü gördüm. Vəsilədən bu barədə soruşdum. O da orada adam olmadığını, paltar sərdiyini bildirdi. Mən isə israrla orada ikinci şəxsin olduğunu və onun kimliyi barədə məlumat verməsini tələb etdim. Lakin Vəsilə inkar etdi.
Mən şübhələnərək evin əldamı adlandırdığım yarımçıq tikilidə mobil telefonumun audioyazısını açıq qoydum, bir qədər həyətdə oturaraq çay içdikdən sonra Vəsiləyə mağazaya şəkər almaq üçün gedəcəyimi bildirdim. Vəsilə də 5 kiloqram şəkərtozu almağı tapşırdı.
Mən maşını evin giriş qapısından bayırda saxlamışdım. Avtomobillə təxminən evdən 2 küçə məsafədə marketə gedərək oradan 5 kiloqram şəkər tozu aldım. Marketə gedib-qayıtmaq müddəti təxminən 15 dəqiqə çəkdi.
Qayıdarkən avtomobili evin həyətində saxladım. Vəsilə qapını açdı, əlimdən şəkər tozunu alıb evə girdi. Mən də əldamına qoyduğum mobil telefonu götürərək orada olan audioyazıya qulaq asdım. Audioyazının 9-cu dəqiqəsindən qadın qışqırıq səsləri eşitdim. Qışqırıq səsləri Vəsilənin idi.
Əsəbləşərək Vəsilənin yanına gəldim, audioyazını ona dinlətdim. Öncə Vəsilə öz səsi olmadığını, sonra isə oradan heç bir səs gəlmədiyini dedi. 11 iyundan 18 iyunadək səsgücləndiricilərdən istifadə etməklə audioyazıya qulaq asdım və həmin səslərin Vəsiləyə məxsus olduğunu dəqiqləşdirdim”.
Turalın sözlərinə görə, Vəsiləyə müxtəlif vasitələrlə fiziki təsir göstərib: “Həqiqəti danışacağı təqdirdə onu öldürməyəcəyimi, sadəcə mənə nakişilik edənin kim olduğunu bilmək istədiyimi dedim. Vəsilə həqiqəti etiraf etdi.
Vəsiləni götürərək daha rahat olması üçün bacımın yaşadığı Binəqədi rayonu, Xocahəsən qəsəbəsi ərazisində olan evə gətirdim. Orada olan müddətdə ona heç bir fiziki təsir göstərilməyib, azad şəkildə yaşayıb. Xəsarətləri ona Biləsuvar ərazisində qəsəbədə yetirmişəm”.
“Bu kəlmələrin mənimlə bağlı olduğunu dedi”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vəsilənin sözlərinə görə, 2014-cü ildə bibisi oğlu Turalla ailə qurub: “Həddindən artıq qısqanc olduğundan iki il sonra ondan ayrıldım. 2019-cu ildə onunla yenidən ailə qurduq.
Tural 2022-ci ilin iyun ayından qəsəbə ərazisində çayxana işlətdi. Hər axşam evə gələrək mübahisə yaradır, mənə fiziki təsir göstərirdi. Bunu çayxanada olan söz-söhbətlərlə bağlı etdiyini deyirdi. Mənim həmişə xəyanət etdiyimi düşünsə də, belə bir hal olmayıb.
Tural mənə bildirdi ki, Bəhram adlı şəxs çayxanada “oxxay, qonşunu nə qədər şey edirəm, doğmur, qısırdır”, “dinməyin, bu dəqiqə bunun iynəsini vuracam”, “indi bağırtdım, gəldim, nətər bağırırdı” deyə kəlmələr işlətdiyini, bu sözlərin mənimlə bağlı olduğunu bildirirdi.
Mən Biləsuvar rayonunun digər qəsəbəsində bağcada xadimə işləyirdim. 2019-cu ildə Turalla barışarkən mənə yol xərcimizin çıxmaması üçün yaşadığımız qəsəbədə olan bağçaya keçməyi təklif etdi. Mən dəfələrlə qəbullarda olsam da, evimizə yaxın bağçaya keçə bilmədim”.
“Səslər mənə məxsus olmayıb”
Vəsilə qeyd edib ki, ərinə Bəhram adlı şəxslə münasibətinin olmadığını bildirib: “2023-cü ilin təxminən aprel-may aylarında yaşadığımız evdə hörümçək torlarını təmizləyən zaman evin küncündə videomüşahidə kamerasının olduğunu gördüm. Bir müddət sonra kamera yığışdırıldı.
Kameranı quraşdırmaqda Turalın məqsədi məndən şübhələrinə aydınlıq gətirmək idi. Həmin il iyunun 11-də Turala mağazadan 5 kiloqram şəkər tozu almağı dedim.
Axşam saat 20 radələrində yatmaq üçün yerləri hazırlayanda Tural mənə arxadan zərbə endirdi, qaynım Səlimi çölə çıxardı və mənə fiziki təsir göstərdi. Mobil telefonunda olan audioyazıları səsləndirdi. Həmin səslər mənə məxsus deyildi. Səslərdən yalnız biri mənim idi, mətbəxdə ayağımın altında həşarat qaldığına görə qışqırmışdım. Lakin Tural bu səsi kiminləsə cinsi əlaqədə olduğum zaman çıxardığımı bildirdi. Audioyazıdakı digər səslər küçədə olan uşaqların səsi idi”.
Vəsilə bildirib ki, Tural özünü qeyri-adi aparır, qapıda çəlləyin fırlandığını, su qabının tərpəndiyini, itin niyə hürdüyünü, qonşunun telefonla nə üçün danışdığını, evdən intim kişi səsləri gəldiyini deyirmiş: “Mən həyətdə paltar sərəndə videomu çəkdi, Bəhramın da yanımda olduğunu dedi. Videoda təklikdə olduğum göründüyü halda guya yanımda Bəhramın olduğunu iddia edirdi”.
Zərərçəkmişin sözlərinə görə, iyunun 11-də Tural ayaq və əlləriylə, həmçinin dəmir, rezin boru, elektrik kabeli ilə onun kürək, qol, ayaq, əllərinin üzərinə zərbələr endirib: “Hətta bir dəfə dəmiri qızdıraraq mənim sol arxa yan tərəfimə isti şəkildə basıb. Eyni halı üzümə də edəcəyini bildirmişdi. Lakin mən Turala yalvararaq etməməyi xahiş elədim. O da mənimlə razılaşdı. Hər dəfə məni döyərkən Tural nakişilik edənin kim oduğunu bilmək istədiyini deyirdi”.
“Mənə işgəncələr verdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, 11 iyun 2023-cü ildən axşam saat 20 radələrindən iyunun 12-i səhər saat 10-a qədər fiziki təsir göstərməklə onu döyüb: “İlk öncə məni yataq otağında rezin boru vasitəsilə kürək nahiyəmdən vurub yerə yıxdı. Yerdə saçımdan tutaraq döşəməylə qonaq otağına tərəf gətirdi.
Qapını bağladıqdan sonra qardaşı Səlimi evdən həyətə çıxardı, giriş qapını, pəncərələri daxildən kilidlədi. Həyətdən gətirdiyi predmetlərlə, öncə drel ucluğu kimi istifadə olunan dəmirlə kürək, baş, qulaq, ayaq, qabırğa, daha sonra elektrik kabeli ilə kürək, baş, qulaq, ayaq, qabırğa, rezin boru vasitəsilə kürək nahiyələrimə xəsarətlər yetirdi.
Məni qonaq otağında 3-4 saat döydükdən sonra mətbəxdə qaz sobasının üzərində olan dəmiri qızdırmağa qoydu. Dəmir 1 saat qaz sobasının üzərində qızdı. Bu bir saatda məni döyüb içgəncə verdi.
Sobanın üzərində qızmış dəmiri gətirərək sol yan nahiyəmdən basaraq məni yandırdı. Sonra məni hamama apardı, duşu açaraq, yanan yerə soyuq su tökdü. Təxminən 6 dəqiqə məni suya tutduqdan sonra qollarımdan tutaraq yer səthi ilə sürüyərək, dəhlizə gətirdi. Uzunluğu təxminən 2 metr olan elektrik kabeli vasitəsilə qaçmamağım üçün əllərimi, sonra ayaqlarımı bağladı. Evin giriş qapısından həyətə çıxıb, qapını üzərimə kilidlədi. Tural təxminən 1 saat müddətində həyətdə oldu, onun orada nə iş görməsindən xəbərsiz olmuşam”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Tural 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Bəhramın hüquqi varisi apellyasiya şikayəti verib. Şikayətçi təqsirləndirilən şəxsin cəzasının 20 ilə qədər artırılmasını istəyib.
Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Hakimlər heyəti sonda qərar elan ediblər. Şikayət təmin olunmayıb.