BAKI, 19 fevral. TELEQRAF

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün nə vaxt baş tutması üçün dəqiq vaxt demək çətindir. Lakin bunun üçün müəyyən işlərin getdiyi dəqiqdir.

Teleqraf xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbətində qeyd edib.

"Görüşə hazırlıqlar gedir, ona görə də bunun nə qədər vaxt aparacağını indidən demək mümkün deyil - günlər və ya həftələr də ola bilər", - Kreml nümayəndəsi qeyd edib.

O əlavə edib ki, ən azı Ər-Riyadda belə bir görüşün mümkün qədər tez təşkil edilməsi üçün hər iki tərəfin siyasi iradəsi ifadə olunub: "Biz dərhal konkret, əsaslı hazırlıqlara başlamağa razılaşdıq".