
BAKI, 20 fevral. TELEQRAF
“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.
Bu barədə Teleqraf-a holdinqdən məlumat verilib
Bildirilib ki, kiberhücumlarla əlaqədar hazırda “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, “Baku.ws” saytlarının fəaliyyətində problem yaranıb.
Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücum cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir, hazırda saytların işinin bərpa olunması istiqamətində iş aparılır.
Xüsusilə qeyd etmək istərdik ki, bu adi DDoS hücumu deyil, mütəşəkkil şəkildə təşkil olunmuş peşəkar kiberhücumdur.
Bütün bu hücumlarla bağlı səlahiyyətli rəsmi qurumlara məlumat verilib.
Qeyd edək ki, haker hücumuna məruz qalan “Report” informasiya agentliyinin saytında “Hüseynçilər” hərəkatının loqosu yerləşdirilib. Sonradan isə həmin bildiriş yığışdırılıb və hazırda saytlara girişdə sadəcə “Bu sayta daxil olmaq mümkün deyil” yazısı görünür.