BAKI, 20 fevral. TELEQRAF

Politoloq Şahin Cəfərli Rusiya-Ukrayna münaqişəsi ətrafındakı son vəziyyətlə bağlı Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Rusiya danışıqlarından sonra Ukrayna məsələsi ətrafında maraqlı müzakirələr gedir. ABŞ Prezidenti Donald Trampın açıqlamaları prosesi fərqli istiqamətə yönəldib. Nə baş verir, niyə ABŞ Rusiya ilə danışıqlara getmək qərarına gəldi, Ukrayna üçün nə planlaşdırılır və nəticəsi necə olacaq? Artıq Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-ABŞ anlaşması ilə razılaşmayacağını bəyan edib.

- ABŞ-Rusiya dialoqu gözlənilən idi. Tramp dəfələrlə bəyan etmişdi ki, münaqişəni həll etmək üçün hər iki tərəflə danışıqlar aparacaq, həmçinin ABŞ-Rusiya münasibətlərindəki problemləri həll etmək üçün addımlar atacaq. Ər-Riyaddakı danışıqları da həm Ukrayna, həm də ABŞ və Rusiya arasındakı böhrandan çıxış addımı kimi də qiymətləndirmək olar. Çünki bu görüş tamamilə Ukraynaya həsr olunmamışdı. Bu, həm də ikitərəfli münasibətləri bərpa etmək üçün atılmış addım idi. ABŞ-Rusiya münasibətlərində problem yaradan bir mövzu da Ukrayna olduğu üçün bu da həmin danışıqların gündəmində oldu.

Əlbəttə, görüşdən sonra Trampın verdiyi açıqlamalar Ukrayna və onun müttəfiqləri tərəfindən təəccüb və qəzəblə qarşılandı. Amerika daxilində Ukraynanı dəstəkləyənlər və demokratlar da buna etiraz etdilər. Trampın Rusiya ilə birgə hərəkət etdiyinə dair bir rəy formalaşıb. Düşünürəm ki, Trampın ortaya qoyduğu mövqe danışıqlarda nəticəyə nail olmaq üçün həyata keçirilən bir taktikadır. Yəni Tramp bu məsələdə zəif tərəf kimi Ukraynanı görür və ona təzyiq edərək, ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasına çalışır.

Trampın seçkiqabağı kampaniyada əsas vədlərindən biri Ukraynadakı müharibənin tezliklə dayandırılması ilə bağlıydı. Hətta o, müharibəni 24 saata bitirəcəyini əminliklə söyləmişdi. Amma vəzifəsinin icrasına və ya bu işin içinə daxil olduqdan sonra Tramp gördü ki, bu, elə də sadə məsələ deyil. Yəni Ukrayna məsələsini onun dediyi kimi, 24 saat və ya başqa bir qısa zaman kəsiyində həll etmək mümkün deyil. Buna görə də, bu böhranda zəif tərəf kimi gördüyü Ukraynaya təzyiqlərə başlayıb ki, Kiyev öz mövqeyindən geri çəkilsin və tezliklə bir sülh anlaşması imzalansın.

- Bəs Ukrayna mövqeyindən geri çəkiləcəkmi?

- Əlbəttə, Ukrayna mümkün qədər onun maraqlarına uyğun olan bir sülh anlaşmasının ortaya çıxmasına çalışır. Yəni Kiyev diqtə edilən şərtlər altında anlaşma imzalamaq istəmir. Əslində, cəbhədəki vəziyyət də buna əsas vermir. Bu gün Ukraynanın kapitulyasiya aktını imzalayacaq bir durum və zəmin yoxdur. Bəli, Rusiyanın cəbhədə irəliləyişləri var və Ukrayna ərazisinin 18,5 faizini işğal edib, ancaq Ukrayna müqavimətini davam etdirir və cəbhədə rus ordusunun qarşısını alır. Son həftələrdə işğalçı ordunun irəliləyişi minimuma endirilib. Ukrayna cəbhə xəttini qismən stabilləşdirə bilib. Yəni bir təslimiyyət aktını imzalamağa hansısa bir əsas yoxdur.

Ortada bir acı reallıq da var. Bu da Ukraynanın işğal olunmuş ərazilərinin qeyri-müəyyən müddətdə Rusiyanın nəzarətində qalması ilə bağlıdır. Ukrayna faktiki olaraq, bunu və NATO-ya üzvlüyün qeyri-mümkünlüyünü qəbul edir. Bundan artığına getməsi – Rusiyanın tələblərinə boyun əyməsi kapitulyasiya aktını imzalaması mənasına gələ bilər. Ona görə də, Ukrayna haqlı olaraq müqavimət göstərir.

Trampa gəlincə, sülh müqaviləsinin necə və hansı şərtlərlə imzalanmasının onun üçün fərqi yoxdur. Trampa yalnız fakt lazımdır ki, “mən müharibə dayandırdım”. Tramp o xəyalı qurur ki, tarixə müharibələri dayandırmış lider kimi düşsün, mümkün olarsa, Nobel Sülh Mükafatı alsın. Trampı ancaq bunlar düşündürür. Rusiya və Ukraynanın bu prosesdə nə itirib, nə qazanacağı Tramp üçün onuncu dərəcəli məsələlərdir. Amma bu, Ukraynanın gələcək taleyini müəyyən edəcək məsələ olduğu üçün Kiyev üçün həyati əhəmiyyət daşıyır. Buna görə də Ukrayna çalışır ki, anlaşma mümkün qədər ona uyğun olsun. Tramp da bundan qəzəblənir. Və düşünür ki, Ukraynanın mövqeyi tezliklə sülh əldə etmək imkanlarını çətinləşdirir. Trampın son iki gündə Zelenski və Ukraynaya hücumun əsas səbəbləri bunlardan ibarətdir.

- Böhran Ukraynasız həll edilə bilərmi? ABŞ-Rusiya danışıqları Kiyevdə belə bir narahatlıq yaradıb.

- Əlbəttə, Ukraynasız mümkün deyil. Bir anlaşma mətni ortaya çıxacaqsa, bunu Ukrayna tərəfindən kimsə imzalamalıdır. Ukraynanın imzası olmadan onu həyata keçirmək mümkünsüzdür. Ukraynanın iştirakı mütləqdir.

Bu məqamda Rusiyanın hiyləgər bir niyyəti ortaya çıxır. Rusiya və Putin hesab edir ki, sülhün önündəki ən ciddi əngəl Zelenskidir və Ukraynada keçiriləcək seçkilərdə onun yerinə “daha üzüyola prezident”in seçilməsi imkanı var, onunla sülhü daha tez əldə etmək olar. Görünən budur ki, ya Putin, ya da ətrafı Trampı buna inandırıb. Amma Tramp bir mövqe ortaya qoydu ki, artıq Zelenskinin vaxtı başa çatıb və Ukraynada seçki keçirilməlidir.

Trampın mövqeyi tamamilə əsassızdır. Çünki Ukraynada hərbi vəziyyət hökm sürür və Ukrayna konstitusiyasına görə, bu durumda hansısa seçki keçirilə bilməz. Belə bir amansız müharibənin getdiyi şəraitdə hansı seçkidən söhbət gedə bilər? Seçki yalnız müharibə dayandırıldıqdan sonra keçirilə bilər.

Aydındır ki, Rusiyanın məqsədi Zelenskini siyasi cəhətdən aradan götürməkdir. Çünki Rusiya Zelenskini öz niyyətlərinin həyata keçirilməsi yolunda ciddi əngəl kimi görür. Tramp da bu məsələdə Rusiya ilə eyni mövqedə çıxış edir. Həmçinin Trampın bütün sözlərini ABŞ-nin dövlət siyasəti kimi qəbul etmək olmaz. Artıq görürük ki, Trampa ABŞ Konqresində ciddi etirazlar var. Hətta respublikaçılar içində partiyadaşları tərəfindən Trampa etiraz edilir. Yəni Trampın dedikləri Amerika dövlətinin rəsmi siyasəti deyil, bu, daha çox sövdələşmə taktikasıdır. Amma Ukrayna müqavimət göstərməli, Trampın kobudluğuna qarşı iradəsini ortaya qoymalıdır, boyun əyməməlidir. Ancaq bu halda Ukrayna özünə uyğun bir anlaşmaya nail ola bilər.

- Zelenskini istəməyən Trampın “üzüyola bir prezident” kimi namizədləri kimlər ola bilər?

- İndi ABŞ-nin Ukraynada hansı siyasi lideri dəstəkləməsi ilə bağlı bir məlumat yoxdur. Bəs bu gün Ukraynanın siyasi meydanında əsas simalar kimlərdir? İlk növbədə, keçmiş prezident Petro Poroşenko, sabiq baş nazir Yuliya Timoşenko və Ukraynanın Britaniyadakı səfiri, ordunun keçmiş baş komandanı Valeri Zalujnıdır. Həmin şəxslərin siyasi ambisiyalarının olduğu məlumdur. Amma onların özləri də deyirlər ki, hazırkı şəraitdə seçki keçirmək olmaz. Həmçinin Zelenskinin legitimliyini qətiyyən şübhə altına almırlar. Yəni bu gün Ukraynada müxalifət və iqtidar arasında bu məsələdə həmrəylik var.

İndi hansı siyasi fiqurun ortaya çıxıb buna etiraz edəcəyi və ABŞ-nin kimi dəstəkləyəcəyi məlum deyil. Amma mənim şübhəm yoxdur ki, Rusiya Ukraynada özünə yaxın bir fiqur tapıb seçkilərdə onun namizədliyini dəstəkləyə bilər. Rusiyayönlü bir namizədin ortaya çıxması ehtimalı var. Həmin şəxsin seçkilərdə rusiyayönümlülüyünü gizlətməsi və Ukrayna xalqına populist vədlər verərək, müəyyən qədər səs toplaması mümkündür. Onun seçilib-seçilməməsi başqa məsələdir, hətta onun seçilməsi ehtimalı yoxdur, amma rusiyayönlü birinin ortaya çıxması ehtimalı istisna deyil. Bu, Ukrayna üçün təhlükədir.

Başqa bir təhlükə də var. Aydındır ki, seçkilərdə ciddi rəqabət və siyasi mübarizə, qarşılıqlı ittihamlar olacaq, həm ölkə rəhbərliyi, həm də ictimaiyyətin bütün diqqəti seçkiyə yönələcək. Yəni Rusiya ilə müharibə və digər taleyüklü məsələlər yaddan çıxacaq. Bu da Ukrayna daxilində ciddi destabilizasiya riski yarada bilər. Sabitliyin pozulmasından da ilk növbədə Rusiya faydalanacaq.

Rusiyanın Ukrayna daxilində provokasiyalar törətmək üçün ciddi imkanları var. Rusiyanın həm Ukraynanın dövlət strukturları, həm siyasi müxalifəti, həm də cəmiyyəti arasında agentləri mövcuddur. Yəni Rusiyanın seçki dönəmində Ukraynada sabitliyi pozmaq üçün güclü imkanları var. Rusiya seçki məsələsini irəli çəkəndə nələri edə biləcəyini çox yaxşı bilir. Trampın bunu anlayıb-anlamadığına əmin deyiləm. Məncə, bu məsələdə Ukraynanı hansı riskləri gözlədiyini Tramp və komandası tam dərk edə bilmir.

- Avropa dövlətləri yeni durum qarşısında hansı mövqeni seçəcəklər? Məsələn, Avropa ABŞ-ni Ukraynaya yardım məsələsində əvəzləyə, yaxud Avropanın verəcəyi qərar nə qədər həlledici ola bilər? Zelenski bu kontekstdə Avropa ordusunun yaradılması təklifini verib.

- Avropa hazırkı mərhələdə çox ciddi seçim qarşısında qalıb. Əgər qitə Avropa İttifaqının timsalında ciddi qlobal geosiyasi güc mərkəzi olmaq istəyirsə, bu istiqamətdə addımlar atmalıdır, ilk növbədə, hərbi qüdrətini artırmalıdır. Sən bunları etmirsənsə, güc mərkəzi ola bilməzsən, yavaş-yavaş qlobal arenada əriyib yoxa çıxacaqsan. Görünür, Almaniya, Fransa və digər aparıcı dövlətlərin timsalında Avropa İttifaqı bu yola üstünlük verib. Avropa İttifaqı hərbi gücü, xərcləri və istehsalı, həmçinin Ukraynaya hərbi dəstəyi artırmaq qərarına gəlib.

ABŞ-nin əvəzlənməsinə gəlincə, əlbəttə, bunu qısa müddətdə etmək mümkün deyil. Yəni ABŞ-nin yardımı tam dayanarsa, Avropanın qısa müddətdə bu boşluğu doldurması mümkünsüzdür. Amma Avropa dövlətlərinin potensial olaraq imkanları genişdir. Təsiredici güc olmaq üçün hərbi güc, xərclər və istehsal artırılmalıdır, bunun üçün zaman lazım olacaq.

Hazırda Ukraynanın silah-sursat ehtiyacının 70 faizini Kiyev və Avropa təmin edir, bunun yalnız 30 faizi ABŞ-nin payına düşür. Əlbəttə, bu 30 faiz önəmlidir. Amerikanın yardımı dayanarsa, bir boşluq yarana bilər, amma çox da kritik böhran yaranmaz. Hər halda Ukraynanın özünü müdafiə eləməsi üçün minimal imkanları qalacaq ki, müqaviməti davam etdirsin.

Açığı, tərəflər arasındakı mövcud anlaşılmazlığa görə ABŞ-nin Ukraynaya yardımını tam dayandıracağını düşünmürəm. Ən azı bilirik ki, Tramp silahları pulla satmağa hazırdır. Özü də deyir ki, əgər Ukraynaya silah lazımdırsa, Avropa Amerikadan pulla alıb versin. Yəni Amerikanın birbaşa və ya dolayısı ilə yardımlarının kəsiləcəyinə inanmıram.

- Türkiyə prosesdə hansı rolu oynaya bilər? Zelenskinin son Ankara səfəri bu məsələni də gündəmə gətirib.

- Türkiyə birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Amma mən Türkiyənin Makron tərəfindən təşkil edilmiş Avropa liderlərinin görüşünə dəvət edilməməsini anlamadım. Çünki bu mərhələdə Avropa İttifaqının Türkiyəyə olan ehtiyacı daha da artıb. Əgər Avropa özünün hərbi komponentini gücləndirəcəksə və hərbi təhlükəsizlikdə Amerikadan asılılığını azalacaqsa, burada Avropanın Türkiyəyə çox ciddi ehtiyacı yaranır. Çünki Türkiyə qitənin ən güclü ordularından birinə sahibdir. Məncə, bu gerçəklik var, amma Avropa hələlik Türkiyəyə ehtiyacının artdığını etiraf etmir.

Açığı, Türkiyənin qarşıdakı müzakirələrə bu səbəblərdən dəvət olunacağını gözləyirəm. Çünki Avropa üçün Türkiyəsiz çox çətin olar. Həmçinin düşünürəm ki, Türkiyə Ukrayna müharibəsindən sonrakı mərhələdə rol ala bilər. Belə bir ehtimal var ki, Avropanın formalaşdıracağı bir hərbi kontingent təhlükəsizlik təminatı kimi Ukraynada yerləşdiriləcək. Türkiyə də bu missiyada yer ala bilər, əlbəttə, o müzakirələrə dəvət olunarsa. Həmçinin müharibədən sonrakı mərhələdə Türkiyə şirkətləri Ukraynada çox ciddi rol oynaya bilərlər. Türkiyənin bu sahədə də çox böyük təcrübəsi var.

- ABŞ-nin Ukrayna məsələsindəki mövqeyi qlobal dünyada Qərb dəyərləri və liberalizmin böhranı kimi qiymətləndirilə bilərmi?

- Trampın iqtidara gəlməsi liberal sistemin böhrana girməsinin ifadəsidir. Məlum olduğu kimi, Tramp və çevrəsi millətçi və ultra-mühafizəkar qüvvədir, onlar liberal dəyərləri qəbul etmirlər. Şübhəsiz ki, hazırda dünyada liberal düzən böhrana girib. Həmçinin Trans-Atlantik ittifaq daxilində bir çat yarandığı ortadadır. Bu gün etibarilə Avropanın əsaslandığı və təmsil etdiyi dəyərlərlə Amerikanın bugünkü hakim komandasının təmsil etdiyi dəyərlər arasında ciddi fərq yaranıb. Bu dəyərlər təməlində Avropa ilə Amerika arasında bir ayrılığın yarandığını görürük.

ABŞ-nin vitse-prezidenti Vensin Münxen Təhlükəsizlik Konfransındakı çıxışı da bu ayrılıq və ya fərqi bariz şəkildə göstərdi. Düşünürəm ki, bu proseslər Amerikanın qlobal nüfuzuna müsbət təsir göstərməyəcək. Artıq dünyada belə bir rəy formalaşır ki, Amerika heç də etibarlı müttəfiq deyil, ona axıradək güvənmək olmaz, hansısa yolda sizi yarı yolda qoya bilər. Bu rəy Amerikanın öz müttəfiqləri arasında möhkəmlənir. Artıq biz Trampın Kanadaya qarşı mövqeyini görmüşük. Kanada və ABŞ qardaş dövlətlərdir. Biz Trampın belə bir dövlətə qarşı belə nə qədər kobud ritorika və siyasət seçdiyini görürük. Bu baxımdan, Trampın ikinci prezidentlik dönəminin Amerikanın beynəlxalq nüfuzu nöqteyi-nəzərindən mənfi nəticələrə səbəb olacağını və zəifləyəcəyini düşünürəm.