
BAKI, 20 fevral. TELEQRAF
ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmağı nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “NBC” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Sözügedən addımın Asiya-Sakit okean regionunda və Meksika ilə sərhəddəki vəziyyətlə əlaqəli olduğu qeyd edilib.
Məlumata görə, ABŞ müdafiə naziri Pit Heqset Volodimir Zelenski ilə qapalı görüşdə Ukrayna nümayəndə heyətinə Avropa ölkələrində hərbi kontingentin azaldılması imkanının Ağ Ev rəhbəri Donald Tramp tərəfindən qiymətləndirildiyini bildirib.
Ukrayna nümayəndə heyətinin Pentaqon rəhbərinin bu bəyanatından təəccübləndiyi vurğulanıb.
Kiyevin bunu uzunmüddətli perspektivdə öz təhlükəsizliyinə təhdid kimi qəbul etdiyi qeyd olunub.
Məsələyə münasibət bildirən ABŞ Müdafiə Nazirliyi isə Heqsetin belə bəyanatlar verməsini rəsmən təkzib edib.
Pentaqonun mətbuat xidməti məlumatı “100 faiz yalan” adlandırıb.
Xatırladaq ki, 3 gün əvvəl NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqon “Bloomberg”ə müsahibəsində etiraf edib ki, ABŞ qoşunlarının bir hissəsini Avropadan çıxara bilər, lakin hərbi alyansın tərkibindən tamamilə çıxmayacaq.