BAKI, 15 oktyabr. TELEQRAF
Oktyabrın 16-da Monteneqronun Budva şəhərində 19 yaşadək (U-19) boksçular arasında dünya çempionatı start götürəcək.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, 12 gün davam edəcək mundialda Azərbaycan millisi 9 idmançı ilə təmsil olunacaq.
Oğlanlardan ibarət seçmə komandanın baş məşqçisi Elbrus Rzayev yarışda Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.
Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) və Gülər Hüseynovaya (51 kq) güvənəcək.
Mundialda, həmçinin Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq, Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.