BAKI, 15 oktyabr. TELEQRAF

“Bizim mövqeyimiz dəyişməzdir. Bütün münaqişələr və fikir ayrılıqlarını mütləq sülh yolu ilə həll etmək lazımdır”.

Teleqraf xəbər verir ki, bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.

Şavkat Mirziyoyev bildirib ki, Asiyanın müxtəlif yerlərində silahlı münaqişələr artmaqdadır və regionları təhlükə altına qoyur, qlobal iqtisadiyyata zərər vurur və milyonlarla insanın həyatını məhv edir:

"Biz Yaxın Şərqdəki, xüsusilə də Qəzzadakı humanitar vəziyyəti böyük narahatlıqla izləyirik və bu bölgədə ən qısa zamanda sülhün və əmin-amanlığın təmin olunmasını arzulayırıq.

Dialoqun zəruriliyi danılmazdır. Risklərin artdığı bir dövrdə yanlış qərarların qəbul edilməsinin qarşısını almalı, siyasi fikir ayrılıqlarının silahlı qarşıdurmalara çevrilməsinə imkan verməməliyik. Bu baxımdan, təşkilatın rolunun böyük olduğunu düşünürük. Hesab edirik ki, təşkilatın əsas məqsədlərindən biri Asiyada qarşılıqlı etimad infrastrukturunun yaradılması olmalıdır.

Dövlətlər arasında konkret tədbirlərin görülməsi və əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir. Nəqliyyat və enerji layihələri, regional ticarət və mədəni mübadilə ölkələr arasında etimadın artmasına və müsbət münasibətlərin möhkəmlənməsinə töhfə verə bilər".