BAKI, 15 oktyabr. TELEQRAF
Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşdirilmə mənbələri ilə bağlı problemlər var.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın direktoru Şahin Mahmudzadə 2026-cı ilin ilk 6 ayı üzrə "Maliyyə Sabitliyi Hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, bu sahənin maliyyələşməsi üç əsas kanal vasitəsilə həyata keçirilir:
“Birinci kanal qiymətli kağızlar bazarıdır. İkinci kanal banklardan borclanmadır, çünki bu təşkilatların fiziki şəxslərdən depozit cəlb etmək imkanları yoxdur. Üçüncü kanal isə xaricdən borclanmadır.
Xaricdən borclanma ilə bağlı ötən ilin ortalarında, yay aylarında bazara hedcinq aləti təqdim etdik. Xarici banklardan borclanan təşkilatlar Mərkəzi Bankın təqdim etdiyi hedcinq imkanlarından istifadə etməklə valyuta riskləri azaldılır və dolayısı ilə maliyyələşmə xərcləri aşağı düşür".
Ş.Mahmudzadə əlavə edib ki, qanunvericilik qüvvəyə mindikdən sonra qiymətli kağızlar bazarı vasitəsilə borclanma ilə bağlı da müəyyən dəyişikliklər olacaq:
“İnvestisiya vəsaitlərini cəlb edən təşkilatlara, kənd təsərrüfatı məhsulları istehsalçılarına və digər sahələrə istiqrazların buraxılması ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulur. Qanunvericiliyə dəyişikliklərin hazırlanması və qüvvəyə minməsi müəyyən vaxt tələb edir. Ehtimal ki, bu proses gələn il yekunlaşacaq".