BAKI, 12 oktyabr. TELEQRAF

“İdmançılarımız çox möhtəşəm çıxış etdilər. Azərbaycanda mübarizə aparmaq həm asan, həm də çətindir”.

Teleqraf-ın məlumatına görə, bunu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli deyib.

Uğurda əməyi olan hər kəsə təşəkkür edən ACF rəsmisi növbəti yarışlar barədə fikirlərini bölüşüb:

“İdmançılarımız, məşqçilərimiz, həkimlərimiz — hər birimiz birlikdə bu uğura imza atdıq. Növbəti il Qazaxıstanda daha böyük nəticələr qazanacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.