BAKI, 8 oktyabr. TELEQRAF
“Çox sevinirəm, çünki 5-ci medalımız oldu. Ümid edirəm ki, sabah Zelim, Uşangi, Kənan da qələbə qazanarlar. Bu uşaqlar həddindən artıq çox əziyyət çəkiblər. Hamısı qalib gələndə mən çox sevinəcəyəm, çünki hamısı gözümün qabağında olub – ağır məşqlərimiz, əziyyət, hər birini görmüşük. Bundan sonra daha yaxşı olacaq”.
Bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Azərbaycan təmsilçisi Murad Fətəliyev Teleqraf-a açıqlamasında deyib.
Cüdoçu yarımfinal görüşündə yol verdiyi səhvdən və rəqibinə məğlubiyyətindən də danışıb:
“Elcan da axırıncı dünya çempionatında bu rəqibi udurdu, axırıncı saniyədə məğlub oldu. Mən də iki şido ilə qabaqda idim. Ani bir səhv elədim. Cüdoda da səhv eləmək olmaz və məğlub oldum. Doğrudan da çox istəyirdim onu udmaq. Finaldakı rəqib də çox güclü idi. Bizim çəkilərdə həddindən artıq çox güclü idmançılar var, xüsusilə yaponlar. İnşallah, gələcək yarışlarda onların üzərində işləyib qalib gələcəyik”.
Azarkeş dəstəyinin onun üçün xüsusi motivasiya olduğunu vurğulayan Murad Fətəliyev turnirin Azərbaycanda keçirilməsinin yaratdığı üstünlüklərdən də danışıb:
"Azarkeşlər həddindən artıq çox dəstək oldular. Onların səsindən daha çox enerji alırdım. Durmadan adımı qışqırırdılar. Bu, məni həddindən artıq motivasiya edirdi. Bu turnirin Azərbaycanda keçirilməyi ona görə çox gözəl oldu ki, doğma azarkeşlər önündə medal qazandıq, tarix yazdıq. Doğrudan da tarix yazdıq. İnşallah, bundan sonra da medallarımızın sayı artar”.