BAKI, 15 oktyabr. TELEQRAF
“Sülh prosesi ilə bağlı anlayışlar çox vacibdir, mən ilk növbədə bundan siyasi mənada istifadə edirəm. Çünki “ərazi mübadiləsi” anlayışı hüquqi baxımdan mürəkkəb prosesdir və əlavə təhlillərə ehtiyac var”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
Baş nazir bildirib ki, anklav və eksklav məsələsinin həlli üçün bir neçə variant mövcuddur:
“Əsas məqsəd odur ki, həll yolu sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını təmin etsin”.
Paşinyan əlavə edib ki, bu cür ssenarilər yeni deyil və hazırda müzakirə olunan variantlardan biridir:
“Gördüyüm budur ki, həm Ermənistanda, həm də Azərbaycanda bu cür həll yolunun tapılmasının zəruriliyi ilə bağlı anlayış getdikcə daha da konkretləşir. Çünki başa düşürük ki, digər ssenari çoxsaylı problemlərə, o cümlədən kənd sakinləri üçün çətinliklərə səbəb olacaq”.