BAKI, 10 oktyabr. TELEQRAF
“Medalımı məni hazırda izləyən anama həsr edirəm. O, həmişə mənim üçün dua edib. Anama söz verirəm ki, qarşıda daha böyük uğurlarım olacaq. Ananın duası çox böyükdür”.
Bunu Teleqraf-a açıqlamasında cüdo üzrə dünya çempionatında kişilər arasında +100 kq çəki dərəcəsində bürünc medal qazanan Kənan Qasımov deyib.
Azərbaycanlı idmançı böyüklər arasında ilk dünya çempionatında iştirakından və qarşıdakı hədəflərindən danışıb.
“Gənclər arasında dünya ikinciliyim var idi. Bu, böyüklər arasında ilk yarışım, dünya çempionatı idi. Özümü çox yaxşı hiss edirdim, özümə çox inanırdım. Hiss edirdim ki, finala qədər gedəcəyəm. Finala çıxa bilməsəm də, Allaha min şükür, üçüncü yerlə kifayətləndim.
İkinci görüşdə Ukrayna idmançısına məğlub oldum. Bundan sonra məni tez yenidən Uşangi Retari ilə görüşə çağırdılar. Vaxt az idi, gücüm də azalmışdı, yorğun idim, istirahət edə bilmədim. Cüdo geyimimi dəyişib elə həmin vəziyyətdə görüşə çıxdım. Yorğun olduğuma görə məğlub oldum. Amma Uşangi Retari, həqiqətən də, güclü idmançıdır. O, böyüklər arasında ikinci dəfə dünya çempionatının gümüş medalını qazandı”.
Azərbaycanlı cüdoçu il ərzində komanda yoldaşı Camal Qamzatxanovu ikinci dəfə məğlub etməsinə də münasibət bildirib: “Komanda yoldaşınla qarşılaşmaq, onu məğlub etmək çətindir. Camal mənim dostumdur, həm də məşq yoldaşımdır. Çox yaxşı oğlandır. Bir-birimizin taktikasını yaxşı bildiyimiz üçün özümə çox inanırdım ki, onu məğlub edəcəyəm. Amma ehtiyatlı davranırdım, çox risk edə bilmirdim. Cüdo səhvi sevmir. Bu idmanda bir səhvlə uduzursan. Ona görə ehtiyatla güləşdim və onu məğlub etdim. O, sanki məğlubiyyətlə barışmırdı. Axıra qədər mənimlə mübarizə apardı. Çox dözümlü idi.
Azərbaycan çempionu olandan sonra özümə belə bir sual verirdim: Dünya çempionatında ilk dəfə iştirak edirəm, görəsən, medal qazana biləcəyəm? Əlbəttə ki, bəli. Dediyim kimi, özümə çox inanırdım. Yarışdan əvvəl Elxan Məmmədova və Mektic Canaya söz vermişdim ki, çox yaxşı çıxış edəcəyəm. Özümü çox yaxşı hiss edirdim. Düşünürdüm ki, finala çıxacaq və Azərbaycan xalqına özümü sübut edəcəyəm. Düzdür, finala çıxa bilməsəm də, üçüncü yerlə kifayətləndim”.
Kənan Qasımov bürünc medal qazandıqdan sonra etdiyi hərəkətlərin mənasını da açıqlayıb: “Mənə demişdilər ki, ölkə başçımız, cənab Prezident İlham Əliyev yarışı izləyəcək. Sanki elə bildim ki, o da oturub bizi izləyir. Rəşad Nəbiyevi, Elnur Məmmədlini və digər şəxsləri orada gördüm. Azərbaycan əsgəri olaraq salam verdim. Bununla minnətdarlığımı bildirirdim.
Bütün azarkeşlərə minnətdarlığımı bildirirəm. Ən əsası odur ki, onlar məni ruhlandırdılar, çox dəstək oldular”.
Cüdoçu qarşıdakı əsas hədəfinin oktyabrın 31-də İtaliyada keçiriləcək U-23 Avropa çempionatı olduğunu bildirib: “İstəyirəm ki, ikinci dəfə bu yarışı udum, Avropa çempionu olum və Azərbaycan adına tarix yazım. Ağır çəkidə ikiqat Avropa çempionu olmaq istəyirəm. Hazırda qarşımdakı əsas yarış budur. Amma bundan sonrakı hədəflərim də böyükdür”.
Kənan Qasımov Olimpiya Oyunlarında medal qazanacağına da söz verib: “Bəli, söz verirəm ki, Olimpiya Oyunlarına, qismət olarsa, düşsəm, oradan medalla qayıdacağam”.