BAKI, 11 oktyabr. TELEQRAF

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının sonuncu yarış günündə qarışıq komanda mübarizəsinə start verilib.

Teleqraf xəbər verir ki, Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığması ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Komandamıza ilk xalı qadınların +70 kq çəki dərəcəsində Madina Kaisinova qazandırıb. O, Mariya Höllvart üzərində qələbə qazanıb.

Daha sonra kişilərin +90 kq çəki dərəcəsində Zelim Kotsoyev Movli Borçaşvilini məğlub edərək hesabı 2:0-a çatdırıb.

-57 kq-da Xədicə Qədəşova Laura Kallingerə qalib gəlib. Ardınca -73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.

Beləliklə, qarşılaşmada 4:0 hesablı üstünlük əldə edən millimiz mübarizəni vaxtından əvvəl başa vuraraq 1/8 finala vəsiqə qazanıb.

Azərbaycan yığması növbəti mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq.

***

09:05

Bakıda təşkil olunan cüdo üzrə böyüklər arasında dünya çempionatına oktyabrın 11-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək səkkizinci yarış günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulacaq. Görüşlər 6 çəki dərəcəsində – kişilər arasında -73 kq, -90 kq və +90 kq, qadınlarda isə -57 kq, -70 kq və +70 kq çəki dərəcələrində təşkil olunacaq.

Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz bu rəqibi keçəcəyi təqdirdə növbəti mərhələdə Yaponiya seçməsi ilə qarşılaşacaq.

Azərbaycanın heyətində qadınlardan Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi -57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi -70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.

Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi -73 kq), Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi -90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandamızın heyətinə daxil ediliblər.

Təsnifat mərhələsi saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq. Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq), Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.