BAKI, 15 oktyabr. TELEQRAF

AQEM Asiyada təhlükəsizlik və etimadın qurulmasına yönəlmiş yeganə platformadır.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.

O qeyd edib ki, Qazaxıstan üçün bu toplantı xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçısı xatırladıb ki, ölkəsi üç onillik əvvəl regionda qarşılıqlı etimadın gücləndirilməsi və təhlükəsizliyin təmin olunması məqsədilə bu platformanı yaradıb.

K. J. Tokayev Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirib və təşkilatın potensialının gücləndirilməsinə yönələn səyləri dəstəklədiklərini bildirib:

“Dünyada beynəlxalq təhlükəsizlik arxitekturasının əsasları tədricən zəifləyir, hüququn aliliyindən daha çox gücə üstünlük verilir. 2025-ci ildə dünyada İkinci Dünya müharibəsindən bəri ən çox silahlı münaqişə qeydə alınıb”.

O, həmçinin 117 milyondan çox insanın məcburi köçkün vəziyyətində olduğunu, 266 milyon insanın isə ərzaq təhlükəsizliyi problemi ilə üzləşdiyini qeyd edib.

Dövlət başçısı bildirib ki, Asiyada daha güclü institutlara ehtiyac var və AQEM çərçivəsində qabaqlayıcı diplomatiya mexanizminin yaradılmasını təklif edib.

Prezident süni intellektin inkişafı ilə bağlı risklərə də diqqət çəkib.

O, kibertəhlükəsizliyin və rəqəmsal sahədə etimad tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, süni intellektin AQEM-in mövcud beş əməkdaşlıq istiqamətinə əlavə edilməsini təklif edib.