BAKI, 12 oktyabr. TELEQRAF

“Cənab Prezident İlham Əliyevə təşəkkür edirik. Onun yarışın açılışında iştirakı və çempionu qəbul etməsi digər cüdoçular üçün böyük stimul oldu”.

Teleqraf-ın məlumatına görə, bunu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

O, yüksək səviyyəli təşkilatçılığa görə Beynəlxalq Cüdo Federasiyasına (IJF), eləcə də qazanılan uğurlarda əməyi olan məşqçi və tibbi heyətə minnətdarlığını bildirib:

“Sözsüz ki, ən böyük təşəkkür cüdoçularımıza düşür. Göstərdikləri əzmkarlığa və mübarizəyə görə hər birinə minnətdarıq. Federasiya olaraq nəticələri yüksək qiymətləndiririk, yeni rekordlara nail olmuşuq. Yarışda 7 medal qazanan cüdoçumuzdan 5-i ilk dəfə mükafatçılar sırasına daxil olub. Müxtəlif çəki dərəcələrində uğur qazanmışıq”.

R.Rəsullu vurğulayıb ki, əldə olunan bu nəticələr növbəti mərhələ üçün yalnız bir start nöqtəsidir:

“İşimiz bundan sonra da davam edəcək, dayanmaq fikrimiz yoxdur. Qarşıda bizi daha ciddi və çətin yarışlar gözləyir. Əsas diqqətimiz 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunlarına yönələcək. Dünya çempionatındakı nəticələrimiz idmançılarımızın inkişaf etdiyini nümayiş etdirdi. Qadın cüdoçularımızdan da gözləntilərimiz böyükdür. İcraçı vitse-prezident olaraq bu sahədəki irəliləyişi aydın görürəm”.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.