BAKI, 15 oktyabr. TELEQRAF

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında anklav və eksklav məsələsinin həlli variantlarının müzakirə olunduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, hər iki tərəfin bu məsələyə konstruktiv yanaşdığını deyib.

Nazir qeyd edib ki, müxtəlif imkanlar, o cümlədən anklavların mübadiləsi və ya sərhədyanı ərazilərdə ekvivalent torpaq sahələrinin verilməsi variantları müzakirə olunur.

“Belə ola bilər ki, tərəflərin hər birinin anklavı digər dövlətin ərazisində qalsın və ya onlar mübadilə edilsin. Nəzəri baxımdan başqa variantlar da mümkündür. Məsələn, sərhədyanı ərazilərdə ekvivalent torpaq sahələrinin verilməsi. Hələlik bunlar nəzəri variantlardır. Amma deyə bilərəm ki, Azərbaycan tərəfi də bu məsələyə konstruktiv yanaşır”.

Mirzoyan vurğulayıb ki, Ermənistanın suveren ərazisinin hər hansı hissəsinin başqa dövlətə verilməsi və ərazi dəyişikliyi baş verəcəyi təqdirdə, məsələ ümumxalq səsverməsinə çıxarılmalıdır:

“Əgər Ermənistanın tanınmış 29 743 kvadratkilometrlik ərazisinin hər hansı bir hissəsi başqa dövlətə verilməli və bunun müqabilində başqa ərazi əldə edilməlidirsə, yəni ərazi dəyişikliyi baş verirsə, bu, ümumxalq səsverməsini tələb edən məsələdir. Elə də olacaq, bundan yayınmaq mümkün deyil”.