BAKI, 12 oktyabr. TELEQRAF

Azərbaycan millisinin cüdoçusu Uşangi Kokauri hələ də Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına qatılmağı hədəfləyir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) milli komandaların performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Trautman qeyd edib ki, ağır çəkidə milli komanda daxilində rəqabətin yaranması müsbət haldır:

“Uşanginin artıq kifayət qədər yaşı var. Eyni zamanda, təcrübəli idmançıdır. Son nəticəsi bir daha göstərdi ki, dünya səviyyəli idmançıdır və hələ də Los-Anceles Olimpiadasına qatılmağı hədəfləyir.

Çox şadıq ki, bu çəki dərəcəsində komandamız daxilində artıq rəqabət var. Uşangi Kokauri Əbu-Dabidə keçiriləcək beynəlxalq yarışda iştirak etmək istəyir. O, hazırda komandada ən çox məşq edən idmançılarımızdan biridir. Buna görə də onun əldə etdiyi nəticə təsadüfi deyil”.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.