BAKI, 15 oktyabr. TELEQRAF
Bank sistemində sistem əhəmiyyətli banklar müəyyənləşdirilərək onların fəaliyyəti müvafiq çərçivədə qiymətləndiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2026-cı ilin ilk 6 ayı üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib:
“Bildiyiniz kimi, sistem əhəmiyyətli banklar üçün əlavə kapital tələbləri mövcuddur. Bu banklara daha intensiv nəzarət həyata keçirilir.
Paralel olaraq, ikinci dərəcəli kapitalın göstəricilərində də azalma müşahidə oluna bilər. İkinci dərəcəli kapitalın əsas komponentlərindən biri cari mənfəətdir. İlin sonunda həmin mənfəət növbəti ildə birinci dərəcəli kapitala transfer olunur. Bu transfer nəticəsində ikinci dərəcəli kapitalın məbləği cari mənfəət qədər azalır. Bu, kapitalın strukturundan irəli gələn təbii prosesdir. Ona görə də təhlil aparılarkən əsas diqqət birinci dərəcəli kapitala və ümumi kapitala yönəldilməlidir”.
Mərkəzi Bankın direktoru Şahin Mahmudzadə isə əlavə edib ki, sistem əhəmiyyətli banklar üçün əlavə kapital buferi tələb olunur:
“Əlavə buferin olması böyük bankları risklərə qarşı daha dayanıqlı edir".