BAKI, 3 noyabr. TELEQRAF

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qırğızıstana ilk rəsmi səfəri çərçivəsində Qırğızıstan Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə Gürcüstan və Qırğızıstan arasında güclənən əməkdaşlıq vurğulanıb, son illərdə yüksək səviyyəli görüşlər və keçirilən səfərlər qeyd edilib.

Şalva Papuaşvili Qırğızıstana Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı parlamentlərarası əməkdaşlıqla yanaşı, ticarət, turizm və nəqliyyat sahələrində əməkdaşlığa da toxunulub.

Orta Dəhlizin strateji əhəmiyyətinin də müzakirə edildiyi görüşdə tərəflər bu dəhlizin daha da inkişaf etdirilməsi üzərində işləməyə hazır olduqlarını bildiriblər.