BAKI, 3 noyabr. TELEQRAF

“Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası prosesi “Tramp marşrutu”nun inşasına uyğun olaraq, Naxçıvan və Mehri istiqamətlərində davam etdirilə bilər”.

Teleqraf xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qalçyan yerli mediaya deyib.

“Sərhədlərin delimitasiya və demarkasiyasının ən mühüm sahələri Naxçıvan və Mehri istiqamətləridir. Bu, Ermənistan və Azərbaycanın öz gömrük-keçid məntəqələrini harada qurmalı olduğunu dəqiq müəyyənləşdirmək üçün vacibdir. İrəvan və Bakı yekun sülh sazişinin imzalanmasını gözləsə, bu proses uzun çəkəcək. Dərhal Araz çayının sahili boyunca vaxtilə mövcud olmuş dəmir yolunun bərpasına başlamalıyıq. Vaxtilə relslər metal kimi İrana satılıb. İndi onları baha qiymətə yenidən almalı, dəmir yolunu bərpa etməli və istismara verilməsini ABŞ şirkətinə həvalə etməliyik”, - o bildirib.

Ruben Qalçyan Rusiyanın Ermənistanın dəmir yolları idarəçiliyinin İrəvana təhvil verməməsinə də diqqət çəkib:

“Əlbəttə, Rusiya dəmir yolunun konsessiyasından imtina etmək istəmir. Zərurət yaranarsa, beynəlxalq arbitraj məhkəməsi onların fəaliyyətdən çəkilməli və ya milyonlarla dollar təzminat ödəməli olduqları barədə qərar verə bilər”.

Ekspert hesab edir ki, Ermənistanın radikal müxalifəti Rusiyanın tələbi ilə “Tramp marşrutu” sazişinin parlamentdə ratifikasiyasına mane olmağa çalışsa da, bu məqsədinə çatmayıb: “Bir neçə gün gün əvvəl parlamentdə baş verən insidentin səbəbi məhz müxalifətin “Tramp marşrutu” sazişinin ratifikasiyasını istəməməsi idi. Sazişin ratifikasiyasının qarşısını almaq üçün aranı qarışdırırlar. Bu, küçə davranışı və təxribat idi”.