BAKI, 3 noyabr. TELEQRAF

“Rusiya sərhədçiləri “Zvartnots” hava limanından çıxarıldığı kimi, Ermənistanın digər sərhədlərindən də çıxarılacaq”.

Teleqraf xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qalçyan yerli mediaya deyib.

“Ermənistan sərhədlərinə nəzarəti Ermənistan sərhədçiləri həyata keçirməlidir”, - o əlavə edib.

Kartoqraf Gümrüdəki Rusiya hərbi bazasının da Ermənistanın təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb etmədiyini vurğulayıb:

“Əgər Türkiyə Ermənistana hücum etmək qərarına gəlsə, Rusiya hərbi bazasının şəxsi heyəti ərazini boşaldaraq gedəcək. Bu baza bizi qorumaq üçün deyil, yalnız öz maraqlarını müdafiə etmək üçündür”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan dünən Rusiya sərhədçilərinin ölkənin bütün sərhədlərindən çıxarılacağını açıqlayıb. Hökumət başçısı dövlət sərhədlərinə nəzarətin tədricən Ermənistan Sərhəd Xidmətinə təhvil veriləcəyini bildirib.