BAKI, 3 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfəri zamanı Gürcüstanın hava məkanından keçərkən gürcü həmkarı Mixeil Kavelaşviliyə salamlarını və xoş arzularını çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
“Zati-aliləri, Cənubi Koreyaya səfərim zamanı Gürcüstanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından sizə və ölkənizə ən səmimi salamlarımı və ən xoş arzularımı çatdırmaq istərdim.
Bu fürsətdən istifadə edərək xalqlarımız arasındakı mövcud dostluq münasibətlərinin və əməkdaşlığın gələcəkdə də davam edəcəyinə, möhkəmlənəcəyinə və inkişaf edəcəyinə dair qəti inamımı bir daha təsdiqləyirəm. Zati-alilərinə möhkəm cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə uzunmüddətli sülh, tərəqqi və rifah arzulayıram”, - Ərdoğanın mesajında bildirilib.
Mixeil Kavelaşvili xoş arzularına görə türkiyəli həmkarına təşəkkür edib. o qeyd edib ki, Gürcüstan və Türkiyə qonşu dövlətlər kimi uzun illərə söykənən münasibətlərə malikdir və regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ortaq məsuliyyət daşıyırlar.
Gürcüstan Prezidenti iki ölkənin xalqları arasında dostluğun qarşılıqlı hörmət və ümumi maraqlar əsasında gələcəkdə də davam edəcəyinə və daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.