BAKI, 30 iyul. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında ölkəsində qida keyfiyyəti ilə bağlı problemlərə diqqət çəkib.
Teleqraf xəbər verir ki, o, iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsi proqramlarından danışarkən, onların şaxələndirilməsinin vacibliyini bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan bəzi ölkələrə balıq ixrac edir, amma bu durum su ehtiyatlarının səmərəsiz istifadəsi fonunda yenidən qiymətləndirilməli və sahədə müəyyən standartlar tətbiq olunmalıdır.
Baş nazir həmçinin yetişdirilən balığın keyfiyyəti ilə bağlı narahatlığını ifadə edib. O qeyd edib ki, şəxsi təcrübəsinə əsaslanaraq uzun müddətdir belə balıqdan istifadə etmir, çünki məhsulun keyfiyyəti ilə bağlı açıq problemlər müşahidə olunur.
“Keyfiyyətlə bağlı problemləri demirəm hələ. Şəxsi təcrübəmi deyim, bəlkə də mübahisələrə səbəb olacaq, amma mən artıq uzun müddətdir yetişdirilən balıqdan istifadə etmirəm, çünki açıq-aşkar problem var. Elə olur, balığa toxunanda görürsən ki, yağı axır. Bunlar diqqət yetirilməli məsələlərdir”, - Baş nazir əlavə edib.
Nikol Paşinyan vurğulayıb ki, Ermənistanda qida məhsullarının keyfiyyəti ilə bağlı problemlər ciddi şəkildə araşdırılmalı və bu istiqamətdə tədbirlər görülməlidir.