BAKI, 29 iyul. TELEQRAF

“Ermənistan ordusunda baş verən mənfi halların əhəmiyyətli hissəsinin səbəbi birbaşa Silahlı Qüvvələrlə bağlı deyil və bu problemin həlli cəmiyyətin sosial-psixoloji dəyişikliklərindən keçir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Hökumət başçısı jurnalistlərə açıqlamasında orduda qeyri-döyüş şəraitində baş verən ölüm hallarına münasibət bildirərkən iddia edib ki, bu cür hadisələrin təxminən 70 faizinin mənşəyi ordudan qaynaqlanmır:

“Mən problemin həllini cəmiyyətimizin sosial-psixoloji vəziyyətinin dəyişməsində görürəm. Daha əvvəl də demişəm ki, orduda baş verən hadisələrin təxminən 70 faizinin səbəbi ordunun özü ilə bağlı deyil”.

Paşinyan vurğulayıb ki, zabit heyəti də məsuliyyət daşıyır, hər bir hadisə ayrıca araşdırılmalıdır:

“Zabit heyətinin də günahı var, amma hər bir konkret hadisəyə ayrıca baxılmalıdır. Ümumilikdə isə bu məsələ ilə bağlı mövqeyimi ilk dəfə deyil ki, səsləndirirəm. Bu, həll etməli olduğumuz problemdir”.

Nikol Paşinyanın sözlərinə görə, problem nazirlərin, hətta hakimiyyətlərin dəyişməsinə baxmayaraq qalmaqdadır:

“Təəssüf ki, nazirlər dəyişir, hətta hakimiyyətlər dəyişir, amma bu problem qalır. Bu isə göstərir ki, məsələ bizim düşündüyümüzdən daha dərindir”.