BAKI, 24 iyul. TELEQRAF
Rusiya Ermənistandakı bir sıra müəssisələrdə aparılan yoxlamalardan sonra bu ölkədən süd məhsullarının Rusiyaya gətirilməsini qadağan edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Məlumata görə, iyulun 14-dən 21-dək həyata keçirilən yoxlamalar zamanı məlum olub ki, Rusiyaya ixrac edilən məhsulların istehsalı zamanı xəstə heyvanlardan alınmış süddən istifadə edilib.
Bununla yanaşı, qurum Rusiya bazarı üçün yağ məhsulların hazırlanmasında üçüncü ölkələrdən gətirilən xammaldan istifadə edildiyini də müəyyənləşdirib.
Məhdudiyyətlərin iyulun 27-dən qüvvəyə minəcəyi bildirilib.