BAKI, 15 aprel. TELEQRAF

“Ermənistan və Rusiya hazırda Ermənistan dəmir yolları üçün güzəşt müqaviləsinin satışı ilə bağlı danışıqlar aparmır”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

“Hazırda heç bir danışıqlar aparılmır”, - o bildirib.

Baş nazirin müavini danışıqlar başlayarsa, Ermənistan və Rusiyanın bu məsələ ilə bağlı ortaq razılığa gələ biləcəyinə əminliyini ifadə edib.

Qriqoryan həmçinin əlavə edib ki, İrəvan Moskvadan dəmir yolunun iki hissəsini Azərbaycan və Türkiyə sərhədlərinə qədər bərpa etməsini istəyib:

“Çünki bu, kommunikasiyaların Ermənistan dəmir yolları üçün açılmasına hazırlaşmağa imkan verəcək. Bəli, dəmir yolunun sonda tam işlək vəziyyətdə olması və açılma prosesinə hazır olması üçün dəmir yolunun iki hissəsinin tikilməsini təklif etmişik. Bu, çox spesifik prosesdir, təkliflər var idi, amma digər məsələlərdə heç bir spesifiklik yoxdur”.

O vurğulayıb ki, istənilən halda bu hissələrdə təmir işləri aparılmalıdır.