BAKI, 21 oktyabr. TELEQRAF

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı açıqlamasını alqışlayıb.

Teleqraf xəbər verir ki, o, azərbaycanlı və qazaxıstanlı həmkarlarının səylərini və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.

“Əlbəttə, mən Azərbaycan Respublikası Prezidentinin Ermənistana yükdaşımalara qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarına sevinir və bunu alqışlayıram. Bu addım regional kommunikasiyaların açılmasında, qarşılıqlı etimadın möhkəmləndirilməsində, sülh gündəliyinin irəliləməsində böyük əhəmiyyət kəsb edir. Mən azərbaycanlı və qazaxıstanlı həmkarlarımın bu istiqamətdə səylərini və əməyini yüksək qiymətləndirirəm”, - Baş nazir Nikol Paşinyanın müavini “Armenpress”in müvafiq sualına cavabında bildirib.