BAKI, 13 oktyabr. TELEQRAF
“Brüsselin (Avropa İttifaqının) yüksək rəsmiləri Gürcüstanda dövlət çevrilişi cəhdini qınamalı və buna qiymət verməlidirlər”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani deyib.
Onun sözlərinə görə, Brüsseldə sükutun hökm sürməsi və heç bir reaksiyanın olmaması dövlət əleyhinə) fəaliyyətləri daha da cəsarətləndirir.
“İllərdir söyləyirik ki, Brüsselin kuluarlarından və digər mənbələrdən aqressiv, zorakı aksiyalara dəstək verilir və bunun nəticəsi olaraq oktyabrın 4-də acınacaqlı hadisələr yaşandı. Buna görə də çox vacibdir, Brüsselin yüksək vəzifəli şəxsləri dövlət çevrilişi cəhdini qınasınlar və ona siyasi qiymət versinlər”.
Nino Tsilosani bildirib ki, oktyabrın 4-də baş verənlər çevriliş və hakimiyyətin devrilməsi cəhdi idi:
“Amma nədənsə, bu proses onlara sərfəlidir. Gözləmə rejimidəyik, ümid edirik ki, rəsmi nümayəndələr Gürcüstan dövlətinə hörmət göstərəcəklər, gürcü xalqının öz hakimiyyətini azad şəkildə seçmək hüququnu tanıyacaqlar və xaricdən dəstəklənən qruplar dövlət çevrilişinə nail ola bilməyəcəklər.
Brüssel çevriliş cəhdini qınamadığı müddətdə, təbii ki, məntiqli şübhə qalır ki, əksinə, bu prosesi təşviq edir və Gürcüstanda çevrilişi qəbulolunan hal kimi göstərməyə çalışır. Gözləntimiz budur ki, öz ölkələrində qəbuledilməz olan hadisələrə dair Gürcüstanla bağlı da sərt qiymət verəcəklər və səssizlikləri ilə illərdir müşahidə etdiyimiz radikal hərəkətləri daha da təşviq etməyəcəklər”.