TBİLİSİ, 11 avqust. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında razılaşma Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə və iqtisadi tərəqqiyə töhfə verəcək”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstanın Ermənistanla Azərbaycan arasında sazişin imzalanmasını alqışladığını bildirib.
“Biz əlimizdə olan bütün imkanlarla belə bir razılaşmanın imzalanmasına şərait yaratmağa çalışdıq. Əlbəttə, biz Prezident Trampa təşəkkür etməliyik. Bu sazişin imzalanmasını məhz onun liderliyi təmin edib”, - İ.Kobaxidze söyləyib.
Baş nazir Gürcüstanın bölgədə mərkəzi yer tutduğunu qeyd edib:
“Biz gələcəkdə bölgəmizdə qonşu dövlətlərlə birgə sülhün və rifahın möhkəmləndirilməsi üçün mümkün olan hər şeyi edəcəyik. Bu, bizim regiondakı missiyamızdır”.
İ.Kobaxidze Azərbaycanla Ermənistanı sülh razılaşmasının əldə olunması münasibətilə bir daha təbrik edib.