BAKI, 1 iyul. TELEQRAF

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Bakıda rusiyalı jurnalistlərin saxlanılması ilə bağlı şifahi nota təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, iyulun 1-də Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşündə rusiyalı jurnalistlərin saxlanılması ilə bağlı səfirə etiraz edilib.

***

11:35

Rusiya Xarici İşlər Nazirliyinə gələn Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyin binasını tərk edib.

Teleqraf xəbər verir ki, o, diplomatik qurumda bir saata yaxın olub.

Səfir heç bir şərh vermədən nazirliyin binasını tərk edib.

***

10:32

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinin binasına gedib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda deyilir ki, diplomat jurnalistlərə şərh vermədən içəri keçib.

Xatırladaq ki, dünən Rusiya XİN Bakıda hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”ın redaksiyasında əməliyyat keçirdikdən sonra Azərbaycan səfirini çağırmışdı.

Nazirlik baş verənlərlə bağlı Azərbaycanın rəsmi nümayəndəsinə etirazını bildirmişdi.

İyunun 30-da “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb. Redaksiyada keçirilmiş əməliyyat çərçivəsində iki Rusiya vətəndaşı saxlanılıb.

İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.