TBİLİSİ, 27 iyun. TELEQRAF
“Gürcüstanda Azərbaycan və Ermənistan sərhədlərini birləşdirəcək avtomagistralın inşası üzrə hazırlıq işləri aparılır. Bu yollar magistralın Tbilisi-Sadaxlı və Tbilisi-Qırmızı körpü hissələridir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tikinti işlərinə ilin sonunda başlanılacaq və layihə üç il sonra – 2028-ci ildə başa çatdırılacaq.
İ.Kobaxidze ötən il ərzində Gürcüstanda 437 kilometr beynəlxalq və yerli əhəmiyyətli yolların bərpa edildiyini, 84,4 kilometr uzunluqda magistral yolların açıldığını vurğulayıb.