TBİLİSİ, 18 iyun. TELEQRAF

“Gürcüstan, Türkiyə və Azərbaycan parlamentləri arasında əlaqələr regional əməkdaşlıq səviyyəsinə yüksəldiləcək”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ankarada jurnalistlərə açıqlamasında deyib.

Spiker bildirib ki, parlament sədrləri arasında üçtərəfli formatın bərpası ilə bağlı razılıq əldə olunub.

“İki il öncə yaranan, lakin Türkiyədə zəlzələ səbəbindən reallaşdırıla bilinməyən ideyanın yenidən canlandırılması və ilk görüşün bu il ərzində keçirilməsi vacibdir. Məqsəd parlamentlər arasında ikitərəfli əməkdaşlığı regional əməkdaşlığa çevirməkdir. Hər üç ölkənin gündəliyin və təhlükəsizlik, regional və iqtisadi əməkdaşlıq istiqamətlərində parlamentlərin baxışlarını razılaşdırmaq imkanı olacaq”, - Ş.Papuaşvili söyləyib.

Qeyd edək ki, üç ölkənin parlamentləri arasında əməkdaşlıq Xarici əlaqələr komitələri səviyyəsində həyata keçirilir. Komitələr arasında əməkdaşlığa dair sənəd 2014-cü ilin aprelində Bakıda imzalanıb.