BAKI, 18 sentyabr. TELEQRAF
Estoniyanın təhsil və tədqiqat naziri Kristina Kallas ölkədə rus dilində tədris təklif edən özəl məktəblərin maliyyələşdirilməsinin dayandırılacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, nazir buna ehtiyacın olmadığını bildirib.
“Özəl məktəblər haqqında qanuna dəyişiklik təşəbbüsü ilə çıxış etmişəm, buna əsasən, dövlət maliyyəsi yalnız eston dilində tədris olunan özəl məktəblərə veriləcək. Bu, özəl məktəblərin rus dilində tədris üçün maliyyə almayacağı deməkdir, bununla absurd vəziyyət aradan qaldırılacaq”, - Kallas vurğulayıb.
Nazirin sözlərinə görə, Estoniya parlamentində rusdilli təhsilə qayıtmaq təklifi üçün çoxluq yoxdur. Hazırda aidiyyəti qurumlar Narva və Koxtla-Yarve şəhərlərində eston dilinə keçidə nəzarət edirlər. Kallas əlavə edib ki, bu şəhərlərdə eston dilində təhsilə keçid kifayət qədər yaxşı aparılır.